Ermənistan inanır ki, Dağlıq Qarabağ münaqişəsinin yekun siyasi həlli yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlarda müzakirə olunmalıdır.
Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla martın 16-da birgə mətbuat konfransı keçirib. Ayvazyan deyib ki, Ermənistan ötən il noyabrın 9-da imzalanmış üçtərəfli atəşkəs razılaşmasına aralıq həll kimi baxır.
Buna da bax: İ.Əliyev ATƏT sədrilə görüşdə:'..münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq'
“Sənəddə sülh yoluyla həllə dair bəzi müddəalar olsa da, əsas elementləri əhatələmir, onların içində ən vacib məsələ isə Artsaxın (Qarabağ) Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququna söykənən statusudur”, – Ayvazyan deyib.
O əlavə edib ki, münaqişənin yekun siyasi həlli yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində mümkündür.
Rusiya, Birləşmiş Ştatlar və Fransanın həmsədr olduqları Minsk qrupu 1990-cı illərin əvvəllərində yaradılıb.
Buna da bax: ATƏT sədri vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
Linde Yerevana martın 15-də axşam Bakıdan gedib. O, Bakıda Prezident İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Linde martın 16-da Baş nazir Nikol Paşinyanla da görüşməlidir.
Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsini, son müharibədən sonrakı vəziyyəti müzakirə etməkdir.
Ötən il 44 günlük müharibə Moskvanın vasitəçilik etdiyi atəşkəslə bitdi. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bildi, təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirildi.
O vaxtdan Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Dağlıq Qarabağ münaqişəsini həll olunmuş sayır və regionun statusundan söhbət gedə bilməz.