Prezident  Slovakiyadan gələn naziri qəbul edib

İvan Korçok

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

İ.Korçokun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan səfəri elə bu gün, martın 17-də başlayıb.

Azərbaycan ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.