Əfqanıstan hökuməti və Taliban danışıqları 'sürətləndirmək' razılığına gəldilər

Moskva konfransında

Əfqanıstanın vəzifəli rəsmisi martin 19-da bəyan edib ki, hökumət və Taliban Moskva konfransında ölkədə uzun illərdir davam edən müharibəyə son qoyulması üçün danışıqların sürətləndirilməsi barədə razılığa gəliblər.

Moskvada keçirilən Əfqanıstan konfransı Birləşmiş Ştatların öz qoşunlarını bu ölkədən çıxarması üçün qoyulmuş tarixdən 6 həftə əvvələ təsadüf edir.

ABŞ qoşunları Əfqanıstana 2001-ci ildə müdaxilə edib.

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah RIA Novosti agentliyinə deyib ki, tərəflər Moskva konfransında heç bir spesifik məsələni müzakirə etməyiblər.

Onun sözlərinə görə, buna baxmayaraq həm Əfqanıstan hökuməti, həm də Taliban danışıqların sürətləndirilməsinə razılaşıblar.

Abdullah əlavə edib ki, əgər bu sülh imkanı da əldə çıxsa, onda bütün tərəflər uduzmuş olacaqlar.

Buna da bax: Moskvada keçiriləcək Əfqanıstan konfransına ABŞ da qatılacaq

Birgə bəyanat

Martın 18-də başlanmış konfransın sonunda ABŞ Dövlət Departamentinin elan etdiyi birgə bəyanatda Birləşmiş Ştatlar, Rusiya, Çin və Pakistan Əfqanıstanda müharibə tərəflərini münaqişənin təməl məsələlərinin həlli barədə danışıqlara dərhal başlanmasına çağırırlar.

Bu təməl məsələlərdən biri də Əfqanıstanda dinc və sabit dövlətin bərqərar olması və bütün tərəfləri təmsil edən hökumətin yaradılmasıdır.

Əfqanıstanın Xarici İşlər Nazirliyi hökumətin bu birgə bəyanatı alqışladığını və danışıqlara hazır olduğunu bildirib.

Buna da bax: Pentaqon Talibanın öhdəliklərinə əməl etmədiyini deyir

ABŞ qoşunlarını çıxarmasa Taliban “reaksiya” verəcək

Moskva konfransı mayın 1-də ABŞ qoşunalrının Əfqanıstandan tam çıxarılması tarixinədək keçirilməsi nəzərdə tutulan 3 tədbirdən biridir.

Lakin Talibanın Moskva konfransında iştirak edən nümayəndəsi deyib ki, ABŞ qoşunları mayın 1-dək ölkədən çıxmasa, buna “reaksiya” veriləcək. O reaksiyanın nədən ibarət olacağını xırdalamayıb.

Məhəmməd Süheyl Şahin deyib ki, qoşunlar çıxarılmasa, ABŞ-Taliban razılaşmasının şərtləri pozulmuş olacaq.

Taliban bunu da bildirir ki, sözü gedən razılaşma əldə ediləndən bəri Amerika və NATO qoşunlarına heç bir basqın edilməyib.

Moskva konfransının ardınca, aprel ayında Türkiyədə Əfqanıstana dair daha bir görüş keçiriləcək.

Bundan başqa daha bir görüşün BMT-də keçiriləcəyi barədə məlumatı ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad verib.

ABŞ elçisi ilk dəfə idi ki, Əfqanıstana dair Moskvanın keçirdiyi danışıqlara qoşulurdu.