Almaniyalı deputat təyyarədə vəfat edib

Karin Ştrensiz seçki posteri

Almaniya Bundestaqının deputatı Karin Ştrens Kubadan ölkəsinə qayıdarkən təyyarədə vəfat edib. Bu haqda martın 21-də axşam onun deputat həmkarı məlumat verib.

“Bild” qəzetinin yazmasına görə, hakim Xristian Demokratik Birliyndən deputat olan xanım Ştrens uçuş zamanı huşunu itirib. Təyyarə Dublində təcili eniş edib. Amma siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.

Deputatın Kubada şəxsi, yaxud xidməti səfərdə olması bəlli deyil.

Yanvarın sonunda bundestaq Ştrensin toxunulmazlığını ləğv edib. O, rüşvət almaqda, Azərbaycan üçün lobbiçilikdə ittiham olunurdu.

Bir il öncə Almaniyanın “Der Tagesspiegel” qəzeti yazırdı ki, Strenz Azərbaycandan 22 min avro rüşvət almaqda suçlanır. Həmin pulun qarşılığında onun Avropa Şurasında Azərbaycan hökumətinin xeyrinə davranmasına dair şübhələr olub. Amma qəzet deputatın fikrini öyrənə bilməmişdi.