İsraildə seçkidir

İsraildə baş nazirə etiraz aksiyası, 20 mart, 2021-ci il

Martın 23-də İsraildə son iki ildə dördüncü seçki keçirilir. Baş nazir Bencamin Netanyahu 12 illik hakimiyyətinin ömrünü uzatmağa çalışır.

Rəy sorğuları rəqiblərin bir-birinə çox yaxın olduğunu, siyasi iflic vəziyyətin qalacağını, hökumətin formalaşdırılması üzrə danışıqların uzanacağının mümkünlüyünü göstərir.

Netanyahunun sağ-qanad Likud partiyasının seçkidə önə çıxacağı gözlənir. Amma 120 yerlik Knessetdə heç bir partiya çoxluğu qazanmaya bilər. Bu da onun mürəkkəb koalisiya qurmalı olacağını göstərir.

Əvvəlki üç seçki nəticəsində mürəkkəb koalisiya danışıqları aparılıb. Bu seçkinin qeyri-müəyyən nəticəsi isə indiyədək görünməyən hala, beşinci seçkiyə yol aça bilər.

Netantahu seçki təbliğatını sürətli vaksinasiya kampaniyası, iqtisadiyyatın yenidən açılması üzərində qurub. İsraillilərin yarıya qədəri tam peyvənd olunub və ölkə dünya üzrə vaksinasiyada önə çıxıb.

Baş nazirə rüşvətxorluq və korrupsiya ittihamları irəli sürülsə də o, bunları rədd edir. Tənqidçilər deyirlər ki, onun məqsədi barəsində hüquqi araşdırmaların dayandırılmasından ötrü parlamentin dəstəyini təmin etməkdir.

Netanyahunun mərkəzçi, keçmiş müdafiə naziri Benni Qants ilə hakimiyyəti bölüşdürdüyü alyans dekabrda iflasa uğradı.