Rusiya dövlətinə bağlı olduqları düşünülən və əvvəllər də NATO-ya qarşı dezinformasiya kampaniyası aparmış hakerlər Almaniya millət vəkillərinə kiberhücum ediblər.
Bu barədə məlumatı martın 26-da Almaniya mediası yayıb.
Onlar Almaniya parlamenti – Bundestaqın və regional assambleya üzvlərinin şəxsi email-lərinə müdaxilə məqsədilə onlara fişinq tipli elektron məktublar göndəriblər.
WDR ictimai telekanalı və Der Spiegel məcmuəsi xəbər verirlər ki, kiberhücumlar ölkənin BfV kəşfiyyat idarəsi və təhlükəsizlik qurumları tərəfindən son günlərdə müşahidə olunub.
Elektron poçtlara hücum nəticəsində hər hansı məlumatların oğurlanıb-oğurlanmadığı məlum deyil.
Buna da bax: ABŞ və Avropa İttifaqı Moskvaya yeni sanksiyalar qoyduGhostwriter
Der Spiegel xəbər veirir ki, Bundestaqın azı 8, regional assambleyaların isə 31 deputatı hücuma məruz qalıb.
Təhlükəsizlik rəsmiləri inanırlar ki, kiberhücum Ghostwriter adı ilə tanınan qrupun üzvləri tərəfindən edilib.
Sözü gedən qrupun Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU ilə əlaqələrindən şübhələr mövcuddur.
WDR kanalının məlumatına görə rəsmilər deyiblər ki, indi bu kiberhücumun nəticəsi kimi mümkün dezinformasiya kampaniyalarını gözləmək olar.
ABŞ-ın FireEye kibertəhlükəsizlik firmasının məlumatına görə Ghostwriter azı 2017-ci ildən bəri Rusiyanın nüfuz kampaniyasının bir hissəsi kimi çıxış edir.
Buna da bax: Microsoft prezidenti haker hücumundan danışdıNATO-ya qarşı yalan kampaniyası
Kiberhücumlar bundan əvvəl Baltik ölkələrinə və Polşaya yönəldilmişdi və məqsəd NATO əleyhinə dezinformasiya kampaniyası aparmaqdı.
Ghostwriter qrupunun kampaniyaları saxta elektron məktublar vasitəsilə qondarma materialların, sitatların, məktublaşmaların və başqa sənədlərin yayılması ilə müşayiət olunur.
Məsələn 2018-ci ildə NATO missiyasında olan Almaniya əsgərlərinin Litvada yəhudi məzarlarını guya təhqir etdiklərinə və bir uşağın üstündən tank sürüldüyünə dair saxta informasiyaların da Ghostwriter tərəfindən yayıldığına inanılır.
2015-ci ildə GRU-ya bağlı olduqları düşünülən Rusiya hakerləri Almaniya parlamentinə geniş haker hücumu etmiş, IT sistemini sıradan çıxarmış və çox sayda sənəd oğurlamışdılar.
Oğurlanan sənədlərin arasında kansler Angela Merkelin də elektron məktubları vardı.