Türkiyə ilə Avropanın arası ‘deyəsən’ düzəlir

Moldova Avropa Şurasının prezidenti Şarl Mişel (sağda) və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

Avropa İttifaqı bildirir ki, Türkiyə ilə münasibətlərin yaxşılaşmasına baxmayaraq narahatlıq qalır və Ankara “mötədil davranışını” davam etdirməlidir.

Reuters agentliyi bildirir ki, bunu martın 25-də Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

Mişel bildirib ki, o gələn ay Türkiyəyə səfər edə bilər:

"Biz həqiqətən də ümid edirik ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq mümkündür, amma eyni zamanda bunun üçün Türkiyənin pozitiv, mötədil davranışını davam etdirməsi mühümdür”.

Avropa İttifaqı liderləri videokonfarnsın ardınca Ankara ürəkləndirici sözlər ünvanlasalar da, Türkiyədə getdikcə pisləşməkdə olan insan haqlarından narahatlıq ifadə ediblər.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib:

“Türkiyə daha konstruktiv münasibət nümayiş etdirib, amma biz bilirik ki, bu de-eskalasiya prosesi kövrıək olaraq qalır”.

Buna da bax: Erdoğanın iki qərarı Qərb mediasında

Erdoğanı “mükafatlandırmaq”

Reuters yazır ki, Yunanıstanla qaz axtarış-kəşfiyyatı işlərinə görə yaranmış mübahisədən geriyə çəkildiyinə görə Aİ bir növ prezident Recep Tayyip Erdoğanı “mükafatlatlandırmaq” məqsədilə indi Ankara ilə daha dərin gömrük ittifaqına hazır olduğunu bəyan edib.

Avropa İttifaqı liderləri deyirlər ki, onların ekspertləri “gömrük ittifaqının modernizasiyası üçün mandat üzərində işləyə bilərlər”.

Bu 1990-cı illərdə imzalanmış gömrük razılaşmasını xidmətlər, kənd təsərrüfatı və ictimai alış-veriş sahələrinədək genişləndirmək imkanı verərdi.

Gömrük ittifaqının genişlənməsi Avropa İttifaqı üzvlüyünə namizəd Türkiyə və onun 80 milyonluq əhalisini bilavasitə dünyanın ən böyük ticarət blokunun daxili bazarına gətirər, ittifaq və ölkə arasında mal və xidmətlərin tamamilə maneəsiz axınına şərait yaradardı.

Buna da bax: Türkiyənin digər bazarlara ismarıcı – Qərb mediası

Erdoğan fikirini dəyişməsə…

Belə bir plan artıq 2016-cı ildə, Türkiyə Suriya vətəndaş müharibəsinin qaçqınlarına sığınacaq verməyə hazır olduğunu bildirəndən mövcud idi, lakin Ankara və Brüssel arasında insan haqları və karbohidrogen yataqlarına görə qalxan ixtilaf Türkiyənin Aİ üzvlüyünə namizədlik prosesini yarımçıq dayandırmışdı.

Bu danışqılar hələ bir neçə il davam edə bilər və Aİ narahatdır ki, Türkiyə üçün daha böyük regional meydan axtaran Erdoğan siyasətini yenidən sərtləşdirər.

Avropa İttifaqı liderlərinin bəyanatında deyilir ki, “biz Türkiyəni beynəlxalq qanunu pozan təxribat və birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”.

Aİ liderləri bildiriblər ki, blokla Ankara arasında münasibətlərin inkişafının vəziyyətinə iyun ayında təkrar baxılacaq.