HRW-dan Belarusa çağırış

Minskdə saxlanan etirazçı

Belarus hakimiyyəti son beş ay ərzində müstəqil mediaya qarşı repressiyanı “gücləndirib”, jurnalistləri qanunsuz olaraq saxlayıb və döyüb, siyasi motivli ittihamlarla cərimələr, həbs cəzaları kəsib, medianın akkreditəsini ləğv edib, evlərdə və ofislərdə reydlər keçirib. Bunu Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirir.

Qurum qeyd edir ki, bu təzyiq “hökumətin insan haqları pozuntuları və ölkə boyunca dinc etirazlar haqda məlumat verən medianı susdurmaq cəhdlərinin tərkib hissəsidir”.

Belarus müxalifəti və Qərb avqustda Alyaksandr Lukaşenkanın qalib elan olunduğu seçkinin saxtalaşdırıldığını deyir, azad seçki, pozuntuların araşdırılmasını tələb edir.

Seçkidən sonra keçirilən etirazlarda 30 mindən çox saxlanan olub, yüzlərlə adam döyülüb, öldürülənlər var. Saxlananlara genişmiqyaslı işgəncə xəbərləri gəlib. Müxalifət liderləri isə ya həbs olunub, ya da mühacirətə məcbur edilib.

“Polis qəddarlığı və digər pozuntularla bağlı ədaləti təmin etmək əvəzinə, Belarus hakimiyyəti həssas məsələlərdən yazan jurnalistləri təqib edir”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.

Belarus Jurnalistlər Assosiasiyasının məlumatına görə, avqustdan ölkədə 400-dək jurnalist administrativ ittihamlarla saxlanıb.