Birləşmiş Ştatlar martın 30-da Suriya müharibəsindən zərər çəkənlərə humanitar yardım üçün 600 milyon dollara qədər vəsait ayırdığını bəyan edib.
Bəyanatda deyilir ki, bu vəsait rejim və onun müttəfiqi Rusiya tərəfindən hava zərbələri də daxil, çoxsaylı vəhşiliklərlə üzləşənlər üçün nəzərdə tutulub.
Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir ki, ABŞ-ın yardımından Suriyada 13.4 milyon, habelə Türkiyə, Livan, İordaniya, İraq və Misirin qaçqın düşərgələrindəki 5.6 milyon suriyalı faydalanacaq:
“Biz dünyanın ən çox iztirab çəkmiş xalqının əzablarını azaltmaq üçün ona görə yardım göstəririk ki, bu, bir xalq kimi bizim dəyərlərimizə və maraqlarımıza uyğundur”.
Blinken habelə donor ölkələri Suriya xalqına yardımı artırmağa çağırıb.
Buna da bax: Blinken suriyalılara yardımı siyasi məsələyə çevirməməyə çağırıbRusiyanın, Əsədin və İŞİD-in zülmü
Suriya prezidenti Bəşər əl-Əsəd və onun Rusiya da daxil dəstəkçiləri Suriyada baş verən zorakılıqların çoxunda günahlandırılır.
Suriya münaqişəsi 2011-ci ildə xalq kütlələri islahat tələb edəndə və rejim bu tələbə zorakı reaksiya verəndə başlanıb.
Blinkenin bəyanatında deyilir ki, “suriyalılar həm Əsəd rejimindən, həm Rusiyanın hava zərbələrindən, İŞİD qəddarlığından və kimyəvi silah hücumlarından əzab çəkir”.
Birləşmiş Ştatlar yardım paketini Suriya və regiona dəstək üçün keçirilən 5-ci Brüssel konfransı zamanı elan edib.
Bu tədbirə 50 ölkə və 30-dək beynəlxalq təşkilat qatılıb.
Buna da bax: Erdoğan Suriya məsələsində Qərbdən dəstək istəyirABŞ Suriyaya 2011-ci ildən bəri 13 milyard dollar verib
BMT 2021-ci ildə Suriya və qonşu ölkələrdəki qaçqınlar üçün 10 milyard dollarlıq yardım nəzərdə tutub.
BMT bildirib ki, bu vəsaitin 4 milyardı Suriya daxilində humanitar yardım üçün ayrılacaq.
Təşkilatın baş katibi Antonio Quterres deyib ki, bu il salamat qalmaq üçün 13 milyon insanın humanitar yardıma ehtiyacı var.
Quterres bildirib ki, bu, ötənilkindən 20 faiz çoxdur.
ABŞ-ın ayırdığı 596 milyon dollarla Amerikanın Suriyaya 2011-ci ildən bəri toplam yardımı 13 milyard dollara çatacaq.
Almaniya donorların konfransı zamanı Suriya üçün 1.74 milyard avro ayırdığını bildirib.