Putinlə Əliyev danışıblar

Vladimir Putin və İlham Əliyev Kremldə (11 yanvar, 2021-ci il)

Aprelin 1-də Rusiya prezidenti Vladimir Putin ilə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon söhbəti olub.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

"Tərəflər Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumilikdə sabit qaldığını, atəşkəs rejiminə ciddi əməl olunduğunu məmnunluqla qeyd ediblər", -məlumatda deyilir.

Prezidentlər Cənubi Qafqazda iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyalarının qurulması işinin gedişatını nəzərdən keçiriblər. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 9-da və bu il yanvarın 11-də imzaladığı bəyanatlarda əksini tapıb. "Bu kontekstdə üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrupun fəaliyyəti müsbət qiymətləndirilib", – xəbərdə bildirilir.

Tərəflərin həmçinin, koronavirus pandemiyası ilə mübarizə sahəsində əməkdaşlığı müzakirə etdiyi vurğulanır.

Azərbaycan-Rusiya strateji tərəfdaşlığı...

Azərbaycan prezidentinin mətbuat xidməti də bu telefon danışığı ilə bağlı məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə üçtərəfli bəyanatlara uyğun aparılan işlərin gedişi nəzərdən keçirilib: "İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib".

Ötən il Ermənistanla 44 günlük müharibə və 9 noyabr atəşkəs bəyanatı nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.