Həcc ziyarəti bu il də olmayacaq

Keçən il Həcc ziyarəti yalnız ölkə daxili üçün açıq oldu.

2021-ci ildə Azərbaycan vətəndaşlarının Məkkəyə həcc ziyarəti baş tutmayacaq. Bu barədə "Turan" agentliyinə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Həcc ziyarətinin olmaması Səudiyyə Ərəbistanı Krallığından QMİ-yə rəsmi məktubun vaxtında gəlmədiyi ilə izah olunur. Adətən, belə məktublarda Azərbaycana ayrılan kvota bildirilir. "Amma bu il məktub gəlməyib, gəlsə də, ziyarəti təşkil etməyə artıq vaxt qalmayacaq", - QMİ-dən qeyd ediblər.

Buna baxmayaraq, QMİ-də Səudiyyə Ərəbistanından məktub gözləyirlər.

Hər il müsəlmanların Həcc ziyarəti Qurban bayramı ərəfəsinə təsadüf edir. (bu il Qurban bayramı iyul ayının 21-nə düşməlidir)

2020-ci ildə də Azərbaycandan Həcc ziyarəti təşkil olunmadı. Keçən il Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar xaricdən ziyarətçi qəbul edilmədi, Həcc ziyarəti yalnız ölkə daxili üçün açıq oldu.