Kosovoda Osmani prezident seçildi

Vyosa Osmani

Aprelin 4-də Kosovo parlamenti hakim Vetevendosje (Öz müqəddəratını təyinetmə) hərəkatından namizəd Vyosa Osmanini ölkənin yeni prezidenti seçib. Osmani 71 səslə seçilib.

82 deputatın səsverməyə qatılmasına baxmayaraq, onlardan 11-nin səsi etibarsız sayılıb.

Osmaninin rəqibi Nasuf Beyta səs yığa bilməyib.

38 yaşlı islahatçı vəkil olan Osmani Kosovonun ən populyar siyasətçi sayılır. Onu Baş nazir Albin Kurti və solçu Vetevendosje hərəkatı dəstəkləyir.

“Bu gün Kosovo yenidən özünə qadını prezidenti seçdi. Bu anda bizi izləyən bütün gənc qızlar bunu yadda saxlasınlar: qızların olmaq istədikləri, arzuladıqları yerdə yerləri var... Hər şey mümkündür və bütün arzularınız gerçəyə çevrilə bilər”, – Osmani səsvermədən sonra deputatlar qarşısında çıxışında deyib.

Səsvermədən dərhal sonra ABŞ-ın Kosovodakı səfiri Filip Kosnet Twitter-də təbrik yerləşdirib. “Birləşmiş Ştatlar sülh, ədalət, bütün vətəndaşların rifahından ibarət gələcək qurmaqdan ötrü Kosovo Respublikası ilə sıx tərəfdaşlığa sadiqdir”, – o yazıb.