İctimai fəal həbs edilib

L.Vəliyev

İctimai fəal Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Nemət Kərimli bildirib. Onun sözlərinə görə, L.Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır. İttiham sübut olunarsa, fəalı əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Vəkilin qeyd etməsinə görə, fəalla aprelin 2-də 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb: "Dedi ki, ondan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalının əleyhinə ifadə verməsi tələb olunub, buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq altında verdiyini dedi".

"Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə saxlanıb. Daha sonra qəfil ittihamı dəyişərək narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, zorakılığa məruz qoyublar. Konkret olaraq AXCP Rəyasət Heyətinin üzvlərindən birinə qarşı ifadə verməsi tələb olunub. Laçın bəy bu tələbdən imtina etdiyinə görə cəzalandırılıb",- AXCP bildirib.

Bir sıra hüquq-müdafiə təşkilatları da L.Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış edib. "Müdafiə xətti" hüquq-müdafiə təşkilatı bildirir ki, L.Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

DİN -in mövqeyi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən isə əks açıqlama yayılıb.

Qurumun Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Report"a bildirib ki, irəli sürülən iddiaların heç bir əsası yoxdur, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib və bu, araşdırmalarla sübuta yetirilib: "Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə, ...şəxsi istehlak miqdarından artıq narkotik maddə - 4.791 qr metamfetamin, 6.474 qr heroin aşkarlanıb. Eləcə də, ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub...".