Sankt Peterburq Dövlət Mədənçilik Universitetinin rektoru Vladimir Litvinenko “Forbes” dərgisinin milyarderlər siyahısına düşüb. O, Rusiya Prezidenti Vladimir Putinə 1997-ci ildə doktorluq dərəcəsini təqdim edən komissiyanın sədri olub.
Aprelin 6-da yayılmış dünyanın ən zəngin insanlarının illik reytinqində Litvinenko 1.5 milyard dollarla yer alıb.
“Forbes” bildirir ki, Litvinenko-nun sərvəti Moskvada yerləşən FosArqo şirkətinin səhmlərinin bahalanması sayəsində artıb. Bu kimyəvi maddələr holdinqi gübrə və fosfatlar istehsal edir.
Buna da bax: Navalnıya görə 'Ağ fil' mükafatı ləğv olundu
Səhmlər bahalanıb
65 yaşlı Litvinenko şirkətin 21 faizinin sahibidir.
“2020-ci il aprelin 6-da şirkətin bir səhminin dəyəri 2 min 443 rubl (31.8 dollar) idi, 2021-ci il aprelin 6-da 4 min 163 rubla (54.2 dollar) yüksəlib”, – “Forbes” yazır.
1994-cü ildən rektor olan Litvinenko müxtəlif vaxtlarda Sankt Peterburqda Putinin seçki kampaniyasına rəhbərlik edib.
Buna da bax: 'Anadır arzulara hər zaman Qarabağ'
2006-cı ildə Vaşinqtondakı Brukinqs İnstitutunun tədqiqatçıları Putinin elmi işini araşdırıb, onun əsas bölməsinin 20 səhifəsindən 16-nın bir xarici dərslikdən ya tam köçürüldüyünü, yaxud cüzi dəyişikliklər edildiyini ortaya çıxarıblar.
Litvinenko 2006-cı ildə “Vlast” jurnalına müsahibəsində deyirdi ki, Putinin doktorluq işini özü yazmasına “şübhə etmir”.
Onun qızı Olqa Litvinenko isə 2018-ci ildə AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, atası prezidentin dəstəyilə universitet rektoru olandan sonra Putinin elmi işini yazıb.
Putin bu iddiaları şərh etməyib.