Aprelin 8-də Baş prokuror Kamran Əliyevin İkinci Qarabağ müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşü olub.
Baş Prokurorluğun mətbuat xidmətindən "Turan"a bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib.
Məlumata görə, şikayətlər qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb: "İtkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib".
İtkin düşmüş hesab olunan hərbçilərin valideynləri bundan əvvəl, həmin gün Bakıda Prezident Administrasiyası qarşısında toplaşıblar. Onlar dövlət qurumlarının onların dərdinə lazımı diqqət ayırmamasından gileylənirlər.
Xatırlatma
2020-ci il Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə nəticəsində Azərbaycanın 2 min 900-ə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb. 20-dən çox hərbçi itkin düşmüş hesab olunur.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.