Yararsız pulları qəbul edəcək ofislər yaradılıb

Mərkəzi Bank

Azərbaycanda yararsız pul nişanlarını qəbul edəcək ofislər yaradılıb.

Bu barədə bu gün, aprelin 12-də Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, "Tədavüldə təmiz pul siyasəti"nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qurum bildirir ki, əhalidə olan yararsız pul nişanlarının qəbulu, ekspertizası, dəyişdirilməsi, habelə sorğuların, müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində xidmət ofisləri təşkil edilib: "Bankın Bakı şəhəri, Bülbül prospekti-27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni "Nağd pul ofisi" yaradılmışdır. Vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək... "Nağd pul ofisi"nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər".

Əlavə suallarla bağlı Mərkəzi Bankın "Qaynar xətt"inə (966) müraciət oluna bilər.