Merkelə AstraZeneca vaksini vuruldu

Almaniya kansleri Angela Merkel aprelin 16-da koronavirusa qarşı vaksinin ilk dozası ilə peyvənd edilib.

Xəbər verilir ki, xanım Merkelə Britaniya-İsveç şirkəti AstraZeneca-nın vaksini vurulub.

Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert özünün Twitter hesabında kanslerə verilmiş beynəlxalq sertifikatın və vaksinasiya barədə şəhadətnamənin surətini dərc edib.

Angela Merkel həmvətənlərinə vaksinasiya kampaniyasında iştiraklarına görə təşəkkürünü bildirib və deyib ki, peyvəndləmə pandemiyaya üstün gəlməyin əsas yollarından biridir.

66 yaşlı Merkel dövlət başçısı kimi xüsusi imtiyazının olmasına baxmayaraq vaksin dozası üçün ümumi növbəyə durub.

Maraqlıdır ki, sorğulara görə Almaniya əhalisinin əksəriyyəti AstraZeneca vaksininə etibar etmir.

Onlar daha çox Almaniyanın BioNTech və Amerikanın Pfizer vaksininə üstünlük verirlər.

Pfizer vaksininin effektivliyi təcrübədə təsdiqlənib. İsraildə bu vaksinlə peyvənd olunanlar əhalinin 70 faizini təşkil edir.

Bu ölkədə koronavirusa yoluxma hallarının kəskin enişi müşahidə edilir.