Kadırovun oğlu rinqdə döyüldü və... qalib elan olundu

Ramzan Kadırov (ortada) qardaşı oğlu (soldan birinci) və oğulları ilə

Boks üzrə beynəlxalq turnir aprelin əvvəlində Qroznıda keçirilib, izləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub

Çeçenistan lideri Ramzan Kadırovun 13 yaşlı oğlu Adam boks turnirində rəqibinin zərbələri ilə üzləşən kimi qalib elan olunub.

Qarşılaşmadan bir fraqment “VKontakte” sosial şəbəkəsində yayılıb. Çeçenistan liderinin oğlunun rəqibi, Kabardin-Balkariyadan gənc boksçu Aslan Bittirov Adam Kadırovun hücumuna hücumla cavab verir, bir neçə dəfə başından zərbə endirir.

Buna da bax: Kadırov Putindən onu jurnalistlərdən qorumasını xahiş edir

Bu an hakim qəfildən döyüşü dayandırır və ayaq üstə düz dayanan Battirova birdən səkkizə kimi saymağa başlayır. Sonra boksçunun sekundantı rinqə dəsmal ataraq onun məğlubiyyətini tanıyır. Battirov özü isə təəccüblə əllərini yana açır.

“Matç! Döyüşçü” (Матч! Боец) telekanalının şərhçisi belə referinin qərarından və elan olunan nəticədən təəccübləndiyini bildirir. “Düzünü desək, yetərincə aydın deyil”, – şərhçi efirdə deyib.

Buna da bax: Kadırov Çeçenistandakı son yaraqlıların məhv edildiyini deyir

Boks üzrə beynəlxalq turnir aprelin əvvəlində Qroznıda keçirilib, izləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub. Yarışdan sonra “Qrozni-inform” portalı yazıb ki, Adam Kadırov rəqibinə “heç bir şans verməyib”.

Turnir Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunubmuş.