Rövşən Əkbərov ev dustaqlığına buraxılmadı

Rövşən Əkbərov

Bakı Hərbi Məhkəməsi bugün, aprelin 20-də general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Məhkəmədən “Turan” İnformasiya Agentliyinə verilən məlumata görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov bu il martın 16-da həbs olunub.

O, qəsdən adam öldürməkdə ittiham olunur. İlkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ondan və vəkilindən bu ittihama, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.

56-yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib.

2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.