İstixana qazları azı 55 faiz azaldılacaq

Kaliforniya, arxiv fotosu

Qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 1990-cı illərlə müqayisədə daha 40 faiz azaldılacaq, təzə hədəf bundan ibarətdir

2030-cu ilədək atmosferə buraxılan istixana qazlarının həcmi azı 55 faiz azaldılacaq. Avropa Parlamenti və Avropa Birliyinin (AB) üzvləri yeni iqlim qanunu layihəsi üzrə razılaşma əldə ediblər.

Aprelin 21-nə keçən gecə 27 üzv ölkə təmsilçiləri, Avropa Parlamenti və Avropa Komissiyası razılaşa biliblər. Danışıqlar bir neçə ay idi gedirdi.

Yaşılların etirazı

Avropa Komissiyasının iqlim məsələlərinə cavabdeh Vitse-prezidenti Frans Timmermans Twitter-də yazıb ki, “bu, AB üçün həlledici andır və dünyaya güclü siqnal göndərir: #İqlimiNeytralAB-yə (#ClimateNeutralEU”) sadiqliyimiz növbəti 30 il ərzində siyasətimizi yönləndirəcək”.

AB hökumətləri və parlament qanunu rəsmən təsdiqləməlidir. Amma siyasi razılaşma onu göstərir ki, Yaşılların müqavimətinə baxmayaraq proses irəli gedəcək. Yaşıllar partiyası qanunun yetərincə əhatəli olmadığını deyirlər.

Qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 1990-cı illərlə müqayisədə daha 40 faiz azaldılacaq, təzə hədəf bundan ibarətdir.

Buna da bax: Bayden Putini onlayn iqlim sammitinə dəvət edir

Bayden sammit keçirir

Bu həftə Birləşmiş Ştatlar da istixana qazları emissiyalarının azaldılması üçün yeni hədəf açıqlamalıdır. Prezident Co Bayden aprelin 22-də dünya liderlərinin virtual iqlim sammitini keçirəcək.

Bayden Yer Günü başlanacaq görüşə 40 lideri dəvət edib. Bu, Birləşmiş Ştatların iqlim dəyişikliyinə ciddi yanaşmasının göstəricisidir. Keçmiş prezident Donald Tramp Paris iqlim sazişlərindən çıxmışdı.

Bayden prezidentliyinin birinci günü Paris sazişlərinə yenidən daxil olub.

Noyabrda isə Şotlandiyanın Qlazqo şəhərində BMT-nin iqlim sammiti keçiriləcək. Ölkələr tədbirdə Paris sazişləri çərçivəsində qaz emissiyaları hədəflərinə necə əməl etdiklərini bildirəcəklər.