Liviya sahillərində 130 miqrant batıb

Arxiv fotosu

Liviya sahillərində batmış, 130 nəfərin olduğu bildirilən rezin qayıqdan salamat çıxan olmayıb. Bu haqda “SOS Mediterranee” yardım təşkilatı aprelin 22-də axşam məlumat yayıb.

Təşkilatın “Ocean Viking” gəmisi Tripolinin şimal-şərqində hadisə yerində axtarış aparıb, azı 10 meyit tapılıb.

“SOS Mediterranee” bildirir ki, son iki gündə Liviya yaxınlığındakı beynəlxalq sularda üç qayıqla bağlı xilasetmə işlərini koordinasiya etməyə çalışır.

Ötən həftə Tunis sahillərində miqrant qayığı batmışdı, azı 41 nəfər ölmüşdü.

BMT bu ilin əvvəlindən Mərkəzi Aralıq zonasında miqrasiyaya yollanmış 350-dən çox insanın öldüyünü bildirir. Son ölüm halları bura daxil deyil.

Liviya əsasən Afrikadan gələn, Aralıq dənizini keçməklə Avropaya getməyə çalışan miqrantlar üçün əsas tranzit xəttidir.