YAP Hüseynbala Mirələmovun üzvlükdən çıxarılmasını belə izah etdi 

Hüseynbala Mirələmov

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, yaziçi Hüseynbla Mirələmovun partiyadan xaric edilməsi ilə bağlı məlumat yayıb .

Məlumatda bildirilir ki, aprelin 23-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Açıqlamaya görə, orada başqa məsələ ilə yanaşı həmçinin “YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı” məsələ müzakirə edilib:

“Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov və Rəşad Mahmudov çıxış ediblər”.

Partiyanın açıqlamasına görə, çıxışlarda qeyd edilib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Hüseynbala Mirələmovun hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb və qınanılıb:

“...Vurğulanıb ki, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının ali dəyərlərini, Nizamnamənin tələb və prinsiplərini kobud surətdə pozduğuna və təmsil olunduğu Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir. İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Hüseynbala Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə Yeni Azərbaycan Partiyasının sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.”

Qərara, hələlik, Hüseynbala Mirələmovun özündən münasibət almaq mümkün olmayıb.

Hüseynbala Mirələmov YAP-dan çıxarılıb

Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

Bu barədə qərar bu gün, aprelin 23-də YAP İdarə Heyətinin iclasında qəbul edilib.

H.Mirələmov, eyni zamanda, YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Bu günlər sosial şəbəkələrdə YAP Xətai rayon təşkilatının sədri H.Mirələmovun göründüyü bildirilən bir video yayılmışdı. Həmin videoda H.Mirələmovun olduğu deyilən şəxsin bir xanıma qarşı görüntülənən davranışı tənqidlərə səbəb olmuşdu.

Yazıçı H.Mirələmovun 2005, 2010, 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçildiyi bildirilir.

Onun bu qərara münasibətini almaq mümkün olmayıb. Amma bundan əvvəl bəzi media orqanlarının yaydığı məlumata görə, H.Mirələmov və yaxınları həmin videoda görüntülənən şəxsin onun olmasını təsdiq etməmişdilər.