Cəfər Pənahi həbsdə olan fəalı dəstəkləyib

Cəfər Pənahi

Tanınmış iranlı kinorejissor Cəfər Pənahi martda Beynəlxalq Qadınlar Günü münasibətilə videomüraciət yayıb. Müraciətin məqsədi insan haqları vəkili Nəsrin Sotudeni dəstəkləməkdir. Müstəqil kino sahəsində ixtisaslaşan "IndieWire" saytı müraciəti izləyicilərinə təqdim edib.

Film çəkməsinə qadağa qoyulan və İranı tərk etməli olan Cəfər Pənahi bu mesajı "Amnesty International", "The Global Justice Center" və "The Feminist Majority Foundation" kimi qurumların birgə keçirdiyi və Sotudeyə həsr etdiyi dinləmələrə dəstək vermək üçün çəkib. Martın əvvəlində keçirilən tədbir Sotudenin həbsinin 100-cü günü və Ceff Kaufmanın "Nəsrin" adlı filminin çıxması ilə üst-üstə düşüb.

Azad düşüncəli hüquqşünas

Pənahi Sotudenin aktivizmi haqda danışıb və onu təqdir edib.

"Xatırlayıram ki, bir gün Nəsrin məhbəsdə olanda mən həyat yoldaşı və uşaqlarına ürək-dirək vermək üçün onun evinə getdim. Oraya toplaşmış qrupun arasında ağlıma bir fikir gəldi. Nə üçün vizionu olan və azad düşünən böyük dünya liderlərinin çoxu məhz hüquqşünasdır? Qandi və Nelson Mandela kimi.

Nəsrin də vəkildir. Nəsrin də azad düşüncəlidir. O, dünyanı bizim indiki liderlərimiz kimi qapalı görmək istəmir. Elə oradaca belə bir fikir söylədim. Dedim ki, "Məncə əgər biz bu zamanlardan uzağa gedib dünyanı açıq görmək istəyiriksə, uşaqlarımıza dünyanın onlara öyrədilən şeylərlə məhdudlaşmadığını öyrətmək istəyiriksə, o zaman bizə rəmz lazımdır. Bizə daha yaxşı yerə keçid etmək üçün rol model lazımdır". Və bu, Nəsrin ola bilər. Onun xarizması və başqalarının fikirlərinə hörmətini nəzərə alsaq, məncə, o bizi bu [ağır] zamandan keçirib gələcəyə gedən yolda bizə bələdçilik etmək üçün seçə biləcəyimiz ən yaxşı insandır".

Nəsrin Sotude

Gizli çəkilən filmlər

Pənahinin "Taksi" adlı yarısənədli filmində çəkilən Sotude 2018-ci ildə İran hökuməti tərəfindən həbs edilib. Pənahinin özü də İran rəsmilərinin ağır təzyiqləri ilə üzləşib. 2010-cu ildə ona 6 illik həbs cəzası verilib, özünə də 20 il ərzində film çəkmək qadağan edilib. O, rejimə qarşı təbliğat aparmaqda suçlanırdı.

Pənahi o zamandan bəri rejissorluq fəaliyyətini davam etdirib və gizlicə bir neçə film çəkib. Onlardan biri "Taksi" filmi 2015-ci ildə Berlin Film Festivalının "Qızıl ayı" mükafatına layiq görülüb.

Ceff Kaufmanın "Nəsrin" sənədli filmi də gizli çəkilib. Filmin prodüseri Marsiya Ross, mətni oxuyansa Oliviya Kolmandır. Filmdə Cəfər Pənahini də görmək mümkündür.

İttihamlar

Nəsrin Sotude ilk dəfə 2010-cu ildə "milli təhlükəsizliyə qarşı fəaliyyət" və "rejimə qarşı təbliğat" ittihamları ilə həbs edilib. Növbəti il ona 11 illik həbs cəzası verilib. Sonradan bu cəza 6 ilə endirilib və onun vəkillik fəaliyyətinə 20 illik qadağa qoyulub. O, siyasi məhbusların ağır şəraitdə saxlandığı Evin həbsxanasında təkadamlıq kamerada saxlanıb. Hüquqlarının pozulmasına, qanunsuz həbsdə saxlanmasına, ailə üzvlərinin təqib olunmasına etiraz edən Sotude dəfələrlə uzunmüddətli aclıq aksiyaları keçirib və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. 2013-cü ildə onun həbsinə xitam verilib.

Lakin 2018-ci ildə Sotude yenidən həbs edilib. Bu dəfə ona casusluq, ali dini lideri alçaltma və insan hüquqları təşkilatlarının üzvü olma ittihamları da irəli sürülüb. Noyabrda o koronavirusa (COVID-19) yoluxduğu üçün müvəqqəti azadlığa buraxılsa da, sonradan yenidən Gərçək həbsxanasına qaytarılıb.

Beynəlxalq insan hüquqları təşkilatları İran hökumətindən onun azadlığa buraxılmasını tələb edirlər. "Nəsrin" filmində o, "dünyanın ən cəsarətli insan haqları fəallarından biri" adlandırılır.