Prezident gələcək 10 ildən danışıb

İ.Əliyev

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyası başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət, hökumət başçılarının çıxışları seqmentində Azərbaycan prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Çıxışında bir sıra məsələlərdən bəhs edən İ.Əliyev daha sonra da deyib: "Bu yaxınlarda mən növbəti 10 il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioriteti müəyyən etmişəm ki, buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi də daxildir".

Onun vurğulamasına görə, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır: "Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir...".

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.