Balkanlarda sərhədlərin dəyişdirilməsinə qarşı çıxırlar

Bosniyada müharibə qurbanlarına abidə

Birləşmiş Ştatlar təklifi rədd edərək sərhədlərin dəyişdirilməsinin regionda gərginliyi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edib

Aprelin 26-da Avropa Birliyi (AB) və Birləşmiş Ştatlar Bosniya-Herseqovinanı parçalamaq və Kosovonu Albaniyaya birləşdirməklə bağlı qeyri-rəsmi təklifi rədd ediblər.

AB rəsmiləri arasında yayılmış sənəddə təklif olunur ki, regionun AB-yə inteqrasiyasına kömək üçün Bosniyanın bəzi hissələri Serbiya və Xorvatiyaya birləşdirilsin. Bu haqda məlumat yayan “Reuters” agentliyi sənədi gördüyünü, amma onun həqiqiliyini təsdiqlədə bilmədiyini qeyd edir.

“Sərhədlərdə hər hansı dəyişikliyi qətiyyən dəstəkləmirik”, – Avropa Komissiyasının sözçüsü Erik Mamer mətbuat konfransında deyib.

Buna da bax: ABŞ komissiyası Azərbaycan və Türkiyəni ‘xüsusi nəzarət siyahısına’ saldı

Birləşmiş Ştatlardan xəbərdarlıq

Birləşmiş Ştatlar da təklifi rədd edərək sərhədlərin dəyişdirilməsinin regionda gərginliyi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Balkanlarda sərhədləri etnik xətlər üzrə dəyişməyə dair əsassız spekulyasiya regionda sabitsizlik yarada bilər, keçmişdəki gərginliklə bağlı xatirələri oyadar”, – Dövlət Departamentinin sözçüsü Ned Prays bəyanatında deyib.

Serbiya Prezidenti Aleksandr Vuçiç ötən həftə ABŞ-ın bir beyin mərkəzinə müsahibəsində “Kosovo və Albaniyanın birləşdirilməsini” və “Srpska Respublikasının böyük hissəsini Serbiyaya birləşdirməyi” təklif edən sənədə istinad edib.

Vuçiç ideyanı rədd edərək hökumətinin “hər hansı formada daha böyük Serbiya yaratmaqda maraqlı olmadığını” açıqlayıb.

Almaniyanın Xarici işlər naziri Heiko Maas da ötən həftə təklifi rədd edərək ideyanın “siyirməyə qaytarıldığını” söyləyib.

Bu müzakirə Bosniyanı təlaşlandırıb. Regionda etnik münaqişələrin səbəb olduğu müharibədən 20 il keçir və Bosniya sözügedən ideyanı ərazi bütövlüyünə təhdid kimi görür.

Buna da bax: Bosniya-Herseqovina Moskvanın hədəsini rədd edir

AB-nin tələbləri

Keçmiş Yuqoslaviya respublikaları olan Xorvatiya və Sloveniya AB-yə qoşulub. Monteneqro, Serbiya, Şimali Makedoniya, Bosniya, Albaniya və Kosovo ona üzv olmaq istəyir. Amma AB onlardan münaqişələrini həll etməyi, demokratik islahatlar aparmağı tələb edir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen aprelin 26-da Brüsseldə Vuçiçlə danışıqlardan sonra deyib ki, Serbiya ilə üzvlük danışıqlarının tərkib hissəsi kimi bu ölkədə “hüququn aliliyi sahəsində müsbət dəyişiklikləri davamlı olaraq görmək” istəyir.

Tərəflər Belqradın Kosovo ilə danışıqlarını da müzakirə ediblər. Kosovonun müstəqilliyini Serbiya və AB-bin bir sıra üzvləri tanımır.

Von der Leyen deyib ki, blok Belqrad ilə Şimali Makedoniya arasında dəmiryol xəttinin çəkilməsini dəstəkləyir. Ötən il Bolqarıstanın vetosu üzündən Şimali Makedoniyanın quruma üzvlük danışıqlarının başlanması təxirə düşdü.

Bu həftə Şimali Makedoniya və Kosovo liderləri də Brüsselə səfər edəcəklər.