Rusiya Avropanın 7 diplomatını ölkədən çıxarır

Moskvada Slovakiya səfirliyi

Litva bildirib ki, səfirlikdəki iki diplomat “heç vaxt diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olmayıblar”

Rusiya Slovakiya və üç Baltik ölkəsindən yeddi diplomatın ölkədən çıxarıldığını açıqlayıb. Çexiya 2014-cü ildə sursat anbarında ölümcül partlayışda rusiyalı casusların rolunu iddia edəndən sonra diplomatik qalmaqal səngimək bilmir.

Rusiyanın Xarici İşlər Nazirliyi aprelin 28-də bəyanatında dörd Avropa ölkəsinin səfirlərinə məlumat verildiyini açıqlayıb. Slovakiya səfirliyindən üç, Litva səfirliyindən iki, Latviya və Estoniya səfirliklərinin hərəsindən bir diplomat mayın 5-dək Rusiyanı tərk etməlidir. Onların Çexiya Respublikası ilə “psevdo-həmrəylik” göstərdiyi bildirilir.

Buna da bax: Ukrayna Rusiyanın Odessa konsulunu ölkədən çıxarır

Çexiya ilə həmrəylik göstərdilər və...

Bu ayın əvvəlində Çexiya sözügedən ittihamlarla bağlı Rusiya diplomatlarını qovub, bundan sonra Moskva da qarşılıqlı addım atıb.

Ötən həftə Litva, Latviya və Estoniya çexlərlə həmrəylik göstərərək rusiyalı diplomatları çıxardığını bildirib. Slovakiya da Rusiyanın Bratislavadakı səfirlikdən üç diplomatı çıxarmasını istədi.

Buna da bax: Çexiyada Rusiyaya görə prezidentlə hökumət mübahisə edirlər

Litva bildirib ki, səfirlikdəki iki diplomat “heç vaxt diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olmayıblar”.

Xarici İşlər Nazirliyi ümid edir ki, Rusiya aqressiv xarici siyasətini dəyişəcək, digər ölkələri durumu qızışdırmaqda suçlamaqdan əl çəkəcək, nəhayət, “Qərb icmasının ona göndərdiyi mesajları eşidəcək”, – bəyanatda vurğulanır.

Adı çəkilən ölkələr Avropa Birliyinin və NATO alyansının üzvləridirlər.