"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Türkiyənin paytaxtı Ankaraya və İstanbul şəhərinə uçuşları müvəqqəti dayandıracağı bildirilir.
AZAL-dan "Turan"a deyiblər ki, aprelin 29-dan mayın 13-ə qədər Bakı-Ankara-Bakı, aprelin 29-dan mayın 16-na qədər isə Bakı-İstanbul-Bakı aviareysləri dayandırılır.
Mayın 12-ə planlaşdırılan Bakı-Antalya-Bakı aviareysinin də təxirə salındığı qeyd edilir.
Bu qərarın səbəbi tələbatın az olması ilə izah edilir.
Şirkətdən əlavə olunub ki, sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər: "Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür".