Azərbaycanda mətbuat azadlığı Avropa Şurasının hesabatında

Foto arxivdəndir

Hesabatda deyilir ki, Azərbaycan, Rusiya və Türkiyə Platformanın göndərdiyi siqnallara reaksiya verməyib, onunla işləməyiblər.

Mediaya sahibliyin dövlət, yaxud özəl əllərdə cəmləşməsi Azərbaycanda, Rusiyada, Türkiyədə və bir sıra digər ölkələrdə media azadlığı və müxtəlifliyinə ciddi əngəl olaraq qalır. Avropa Şurasının Jurnalistikanın Mühafizəsi və Jurnalistlərin Təhlükəsizliyi Platforması aprelin 28-də hesabat açıqlayıb.

“Axtarılır! Avropada media Azadlığı uğrunda real addımlar” adlı hesabat Avropa Şurası və üzvlərini regionda pisləşməkdə olan mətbuat azadlığının düzəldilməsi üçün siyasi iradə göstərməyə çağırır.

Buna da bax: Freedom House: 'Azərbaycan möhkəmlənmiş avtoritar rejimdir'

Azərbaycan, Türkiyə, Rusiya bir sırada

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç 3 may- Dünya Mətbuat Azadlığı Günü ərəfəsində Avropa hökumətlərini jurnalistlərin və müstəqil jurnalistikanın qorunması üçün daha güclü siyasi iradı sərgiləməyə, qitədə media azadlığının vəziyyətinin pisləşməsini dayandırmağa səsləyib.

Ötən il Azərbaycan, Rusiya və Türkiyə daxil olmaqla bir sıra ölkələrdə dövlət oyunçuları tərəfindən jurnalistlərə qarşı cinayət araşdırmaları, təqiblərin başlandığı, hökmlər çıxarıldığı vurğulanır. Azərbaycanda və Türkiyədə jurnalistlərin dövlət məmurunu təhqir etməkdə, karantin qaydalarını pozmaqda, konfidensial informasiyanı yaymaqda, girov tələblərini pozmaqda, terrorçu təşkilata üzvlükdə suçlandığı bildirilir.

Platforma tərəfdaşları Azərbaycana və Rusiyaya jurnalistlərə qarşı jurnalist fəaliyyətlərinə görə başlanmış araşdırmaları dayandırmaq tövsiyə olunur. Jurnalistlərin Avropa Şurası standartlarına uyğun qorunmasından ötrü bu qurumla əməkdaşlıq, qanunverici, ədliyyə və digər islahatlar həyata keçirmək istənilir.

Buna da bax: ABŞ komissiyası Azərbaycan və Türkiyəni ‘xüsusi nəzarət siyahısına’ saldı

Öhdəliklər

Hesabatda o da deyilir ki, Azərbaycan, Rusiya və Türkiyə Platformanın göndərdiyi siqnallara reaksiya verməyib, onunla işləməyiblər. Tərəfdaşlar bütün üzvlərə Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərini xatırladır.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kəsin jurnalist fəaliyyətinə görə təqibə məruz qalmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Hesabatda Azərbaycanla Ermənistanın 2020-ci ildə 44 günlük müharibəsi zamanı hər iki tərəfdə jurnalistlərin işinə qoyulan məhdudiyyətlərdən də söz açılır. Oktyabrın 28-də platforma birgə bəyanatında münaqişəni işıqlandıran jurnalistlərin fiziki təhlükəsizliyi ilə bağlı narahatlıq bildirmişdi. Münaqişədən xəbərlər verən azı 7 jurnalistin xəsarət aldığı qeyd olunur.

Azərbaycanda münaqişə vaxtı sosial mediaya çıxış məhdudlaşdırılıb və hakimiyyət bunu təhlükəsizliklə izah edib.

44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri aldı. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirildi.