Eldar Həsənovun həbs müddəti uzadılıb

E.Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay uzadılıb.

Mayın 3-də Binəqədi rayon Məhkəməsində E.Həsənovun barəsində həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənovu ötən il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin isidən ayrılıb, istintaqının davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin (CM) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

E.Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.