Əfqanıstanda daşqınlarda azı 37 nəfər həlak olub

2020-ci ilin avqust daşqınlarında dağılmış evlər

Əfqanıstanın qərbi Herat vilayətində qəfil daşqınlarda azı 37 nəfər həlak olub.

Regional hökumətin sözçüsü Cailani Farhad deyib ki, mayın 3-də axşam Adraskan rayonunda daşqında ölənlərin dördü uşaqlardır.

İki meyitin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Heratın Obe və Karox rayonlarında da daşqın olub, amma mümkün itkilər haqda informasiya yoxdur.

Son iki gündə Heratın böyük hissəsində leysan yağışlar yağır.

Əfqanıstanda mövsümi daşqınlar evlərə, kənd təsərrüfatına, ictimai infrastruktura ciddi ziyan vurur.

Ötən avqustda 13 vilayətdə daşqınlar 150-dən çox insanın həyatına son qoymuşdu.

2019-ci ilin daşqınlarında isə 10 mindən çox ev dağılıb, 180 minədək insan ziyan görüb.