Əfqanıstanın Zabul vilayətində yol kənarına qoyulmuş bomba avtobusa dəyib, azı 11 dinc sakin öldürülüb, 28 nəfər yaralanıb. Daxili İşlər Nazirliyi onların arasında qadınların və uşaqların olduğunu bildirir. Mayın 10-na keçən gecə baş vermiş partlayışa görə məsuliyyəti götürən olmayıb. Amma nazirlik Taliban silahlı qruplaşmasını ittiham edir.
Taliban mayın 10-da müqəddəs Ramazan bayramında üçgünlük atəşkəs elan edəcəyini bildirib. Qruplaşma bəyanatında deyir ki, məqsəd əhalinin bayramı “dinc və təhlükəsiz mühitdə” keçirməsinə şərait yaratmaqdır.
“Ancaq düşmən bu günlərdə sizə qarşı hər hansı hücum həyata keçirsə, özünüzü, ərazinizi qorumağa hazır olun”, – bəyanatda vurğulanır.
Ramazan bayramı ayın görünməsindən asılı olaraq mayın 12-də, yaxud 13-də başlanır.
Hökumətdən Talibanın atəşkəs təklifinə hələlik, reaksiya gəlməyib.
Mayın 8-də Kabildə qızlar məktəbində partlayışda azı 50 nəfər həlak olub, 100 nəfər yaralanıb. Əfqanıstan hökuməti buna görə Taliban qruplaşmasını ittiham edib. Qruplaşma isə ittihamı rədd edərək hücumu pisləyib.