Gədəbəydə 2 nəfərin minaya düşdüyü bildirilir

Minaaxtaranlar

Gədəbəydə iki nəfərin minaya düşərək xəsarət aldıqları bildirilir.

Hadisəyə bağlı Gədəbəy Rayon Prokurorluğu da məlumat yayıb.
Məlumatda qeyd edilir ki, mayın 11-də saat 17 radələrində iki mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qurumdan AZƏRTAC-a bildirilib ki, rayon sakinləri 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd təsərrüfatı ilə məşğul olarkən minaya düşmələri müəyyən edilib.

Prokurorluğun bildirməsinə görə, nəticədə Kamran Namazov ağır, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gədəbəy sakini minaya düşərək xəsarət alıb

Dünən, mayın 11-də Gədəbəy rayon sakini minaya düşərək xəsarət alıb.

Bu barədə məlumatı “Turan” İnformasiya Agentliyinə Gədəbəy rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.

Məlumata görə, rayonun Əyridərə kənd sakini Kamran Namazov Ermənistanla sərhəd ərazidə göbələk yığan zaman minaya düşüb.

Namazovun Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirildiyi bildirilir.

Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində tez-tez minaya düşmə halları olur.

Hətta rəsmi qurumlar bildirirlər ki, ötən il üçtərəfli 10 noyabr sazişinin imzalanmasından bəri 20-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub, 100-ə yaxını isə müxtəlif xəsarət alıb.

Amma Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu işğala məruz qalmayıb.

Buna da bax: Kəlbəcərdə minalanan ərazinin aşkarlandığı bildirilir

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.