Respublikaçılar Trampın tənqidçisini rəhbərlikdən kənarlaşdırdılar

Liz Çeyni

ABŞ Nümayəndələr Palatasındakı respublikaçı millət vəkilləri keçmiş prezident Donald Trampa qarşı tənqidi mövqe tutan Liz Çeynini səsvermə yolu ilə partiya rəhbərliyindən kənarlaşdırıblar.

Şərhçilər bildirirlər ki, bu hadisə Respublikaçılar Partiyası üçün həlledici bir məqamda təşkilatın hələ də keçmiş prezidentin təsiri altında olduğunu nümayiş etdirib.

Nümayəndələr Palatasında 3 nömrəli respuiblikaçı və keçmiş vitse-prezident Dik Çeyninin qızı olan Liz Çeyni Trampı qanunun aliliyinə və partiyanın prinsiplərinə təhlükə adlandırmışdı.

O Trampın ötən prezident seçkisininin saxtalaşdırıldığına dair iddialarını açıq şəkildə “böyük yalan” adlandırmış, keçmiş prezidenti yanvarın 6-da Konqresin binasına qaragüruhun basqınını qızışdırmaqda ittiham etmişdi.

Bu hadisənin ardınca Nümayəndələr Palatasında Trampın impiçmenti qərarını yalnız 10 respublikaçı dəstəkləmişdi.

Mayın 12-də xanım Çeyninin Nümayəndələr Palatasındakı vəzifəsindən kənarlaşdırılmasına dair səsvermə 212 respublikaçı tərəfindən bağlı qapılar arxasında keçirilib.

Müşahidəçilər bütün bunları Trampın hələ də partiya üzərində və xüsusilə də Nümayəndələr Palatasındakı respublikaçılar üzərində böyük nüfuzunun olması ilə izah edirlər.

Buna da bax: Tramp 2024-cü ildə seçkiyə gedəcəyinə eyham vurur

“Əlimdən gələni edəcəyəm ki, Tramp Oval ofisin yaxınına da gedə bilməsin…”

Liz Çeyni sözü gedən qapalı iclasda da Trampın tənqidindən əl çəkməyəcəyini bildirib və deyib ki, rəhbərlikdən uzaqlaşdırılması onu partiyasını keçmiş prezidentin təsirindən qoparmaq səylərindən çəkindirə bilməz.

O iclasdan sonra jurnalistlərə deyib:

“Mən əlimdən gələn hər şeyi edəcəyəm ki, keçmiş prezident bir daha heç Oval ofisin yaxınına da gedə bilməsin”.

Nümayəndələr Palatasında respublikaçı azlığın lideri Kevin Makkarti deyib ki, bugünkü qərar kiminsə Trampla əlaqədar cəzalandırılması üçün yox, partiya birliyinin saxlanması üçün qəbul edilib.

Çeyninin rəhbərlikdən çıxarılması təşəbbüsü Makkartidən gəlmişdi.

Tramp, Makkarti və Nümayəndələr Palatasında vəzifəcə ikinci respiublikaçı Stiv Skaliz Çeyninin yerinə millət vəkili Elis Stefaniklin namizədliyini dəstəkləyiblər. O Trampın qızğın müdafiəçilərindən biri sayılır.

Bəzi müşahidəilər bildirirlər ki, Makkarti Çeyninin uzaqlaşdırılması ilə partiyadaxili ixtilafa son qoyulacağını düşünsə də, respublikaçıların problemləri daha da dərinləşəcək və tərəddüd keçirən elektorat respublikaçılardan üz çevirəcək.