Rusiyanın qərbi Sibir vilayətində nəhəng neft oğurluğunu üzə çıxaran jurnalist şantaj və pornoqrafiyada təqsirli bilinərək 8 il həbsə məhkum edilib.
Neftlə zəngin Xantı-Mansi muxtar dairəsinin Surqut şəhərində məhkəmə mayın 14-də jurnalist Eduard Şmoninə hökm çıxarıb. Məlumatı AzadAvropa/AzadlıqRadiosu-nun rus xidmətinə (Radio Svoboda) Şmonin və onun vəkili verib.
Xantı-Mansi regional prokurorluğu da hökmün çıxarıldığını təsdiqləyib.
Buna da bax: Neft oğurluğu və poqonlu mafiya (Təhqiqat)
Şmoninin sahibi olduğu və işlətdiyi vebsaytlar yerli rəsmilərə və sahibkarlara qarşı “kompromat”la dolu olur. Radio Svoboda Rusiyanın neft kəmərləri şəbəkəsindən sənaye miqyaslı oğurluğa dair araşdırmasında məhz onun topladığı məlumatlardan istifadə edib.
Martda dərc olunmuş araşdırmada Şmoninin üzə çıxarmadığı saysız detallar, neft oğurluğu sxemlərində Rusiya güc strukturlarının roluna dair dəlil də yer alıb.
Buna da bax: ABŞ Dövlət Departamenti sərhəddəki gərginliyə münasibət bildirib
“Kriminal neft”
Şmonin 2016-cı ilin noyabrında yaydığı “Kriminal neft” adlı sənədli filmdə neft oğurluğunda Rusiya polisi və Federal Təhlükəsizlik Xidmətinin (FSB) rolundan danışıb. O, bir neçə ay sonra saxlandı, filmdə adı çəkilən hüquq-mühafizə əməkdaşlarına qarşı böhtan daxil olmaqla bir neçə ittihamla üzləşdi.
Sonradan ittihamların çoxu qaldırıldı, amma bir yerli deputata qarşı şantaj və qanunsuz pornoqrafiya yaymaqla bağlı ittihamlar qüvvədə qaldı. Hər iki ittiham deputatla başqa bir kişinin olduğu bildirilən intim videodan qaynaqlanır.
Şmonin AzadlıqRadiosuna deyib ki, neft oğurluğu haqda sənədli filmə görə ondan qisas alındığını düşünür.
Onun məhkəməsi qapalı keçirilib, videonun intim xarakterli olması əsas gətirilib.