İki sərhədçinin həlak olması ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məluamt yayıb.

Bildirilib ki, Yardımlı rayonundakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıblar:

"Nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olub. Əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib. "

Açıqlamaya görə, faktla bağlı Hərbi Prokurorluq cinayət işi başlayıb:

"Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci ( dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanıb".

Məlumatda hadisə yerindən narkotik vasitələr, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürüldüyü vurğulanıb:

"İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub".

Hələlik, bu açıqlamaya İranın rəsmi qurumlarından və saxlanan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Buna da bax: DSX: İki Azərbaycan sərhədçisi həlak olub

Xatırlatma

Mayın15-i saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Yardımlı rayonunun xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozmasının aşkar olunduğu bildirilirdi.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.Sərhəd pozucularının açdıqları atəş nəticəsində bir baş leytenantın və bir kiçik gizirin yaralandığı qeyd edilirdi:

"Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. "

Açıqlamaya görə, hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlamışdı :" ...Sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR ( İran İslam Respublikası– Red ) vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür. "

Bu açıqlamaya, hələlik, İranin rəsmi qurumlarından və saxlanan şəxsin vəkilindən münasibət almaq mümkün olmayıb.