Türkiyə mayın 19-da ABŞ-ın ittihamlarını rədd edib. Erdoğanın partiyasının sözçüsü bəyanatları “yalan” adlandırıb.
“Prezidentimizi antisemitizmdə suçlamaq məntiqsiz və yanlış yanaşmadır. Bu, prezidentimiz haqqında yalandır”, – Omer Celik tvitində yazıb.
***
Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Yəhudi xalqı barədə “antisemit” və “qınağa layıq” bəyanatını pisləyib.
ABŞ Dövlət Departamentinin mayın 18-də açıqlanmış bəyanatında deyilir ki, Birləşmiş Ştatlar prezident Erdoğanın Yəhudi xalqına aid antisemit qeydlərini pisləyir və bunun “qınağa layiq” bir hərəkət olduğunu bildirir:
“Biz prezident Erdoğanı və başqa Türkiyə rəsmilərini zorakılığı daha da alovlandıracaq qızışdırıcı bəyanatlardan çəkinməyə çağırırıq”.
Dövlət Departamenti vurğulayıb ki, “antisemit ritorikaya” heç bir vəchlə yol verilməməlidir:
“Birləşmiş Ştatlar antisemitizmin bütün formalarına qarşı mübarizəyə sadiqdir. Biz çox vaxt da antisemitizm və onun altında gizlənən qorxulu yalanlarla müşayiət olunan zorakılığa ciddi baxırıq. Biz daim yalanların qarşısını faktlarla almalı və nifrət cinayətlərinə ədalətlə cavab verməliyik”.
Türkiyənin islamçı prezidenti fələstinlilərə daim dəstək bildirib. Buna baxmayaraq Türkiyə İsraillə uzunmüddətli münasibətləri olan azsaylı müsəlman ölkələrindən biri olub.
Buna da bax: İsraillə Həmasın döyüşləri səngimirErdoğan nə deyib?
ABŞ-ın bu bəyanatından əvvəl Erdoğan İsraili fələstinlilərə qarşı “terrorda” ittiham etmiş və "bu onların xislətindədir” demişdi:
“Onlar 5-6 yaşında uşaqları da öldürməyə qabil qatillərdir. Onlar yalnız qan sormaqla doyurlar”.
Erdoğan eyni zamanda ABŞ prezidenti Co Baydeni də tənqid etmiş, onun İsrailə dəstəyinə görə “əllərində qan olduğunu” bildirmişdi.
Erdoğan ABŞ-ın keçmiş prezidenti Donald Trampla yaxşı münasibətlərə malik olsa da, Co Bayden Türkiyə liderinə münasibətdə sərt mövqe tutub.
O, vaxtilə Erdoğanı “avtokrat” adlandırıb və deyib ki, Qərbdə bir çoxları Türkiyə prezidentini “diktator” hesab edirlər.
Buna da bax: İsrail Qəzzədəki tunelləri dağıtdığını bildirirİtkilər artır
Bütün bunlara baxmayaraq prezidentlər Bayden və Erdoğan NATO-nun gələn ay Brüsseldə keçiriləcək sammitində görüşərək iki ölkə arasında münasibətlərin gələcəyini müzakirə etmək barədə razılığa gəliblər.
Yaxın Şərqdə mayın 10-dan İsrailin Qəzza zolağındakı Həməs üzərinə hava zərbələri başlanandan bəri gərginlik artıb.
Şərqi Yerusəlimdəki Əl-Əqsa məscidi yaxınlığındakı toqquşmalardan sonra Həməs də İsrail istiqamətində minlərlə raket atıb.
Qəzzadakı səhiyyə rəsmiləri 63 uşaq da daxil 217 fələstinlinin həlak olduğunu, daha 1400 nəfərin yaralandığını bildirirlər.
Mayın 18-də İsrail tərəfindən həlak olanların sayı 12-yə çatıb.
Həmin gün Həməsin Eşkol rayonunda atdığı raketlər buradakı zavodda işləyən iki taylandlının ölümü ilə nəticələnib.