Mayın 19-da Qəzzəyə raket zərbələri davam edib. Baş nazir Bencamin Netanyahu deyib ki, İsrailin Qəzzəni bombalaması Həmasın islamçı liderlərini “illərlə” geri atıb.
İsrail ordusu 52 təyyarənin 25 dəqiqə ərzində Xan Yunis və Rəfah şəhərlərində 40 yeraltı hədəfi vurduğunu bildirib. Qəzzənin Səhiyyə Nazirliyi bir qadının öldürüldüyünü, səkkiz nəfərin yaralandığını açıqlayıb.
***
Fransa Misir və İordaniya ilə birlikdə BMT Təhlükəsizlik Şurasına İsrail-Qəzzə münaqişəsində atəşkəsə çağıran qətnamə təqdim edib.
Fransa tərəfinin mayın 18-də axşam yaydığı bəyanata görə, Prezident Emmanuel Makron misirli həmkarı Abdel Fəttah əl-Sisi və İordaniyanın Kralı II Abdulla ilə video konfransda qətnamə üzrə razılığa gəliblər.
“Üç ölkə üç sadə elementi razılaşdırıblar: atışma dayanmalıdır, atəşkəsin vaxtı çatıb, BMT-nin Təhlükəsizlik Şurası məsələ ilə məşğul olmalıdır”, – Fransa prezident sarayının bəyanatında deyilir.
Buna da bax: ABŞ Erdoğanın ‘antiyəhudi çıxışını’ pisləyib
ABŞ bəyanata qarşı çıxıb
Təhlükəsizlik Şurası isə İsrail-Fələstin münaqişəsinin qızışması üzrə sadə bir bəyannaməni qəbul edə bilməyib. Çin, Norveç və Tunis döyüşlərin dayanmasına çağıran üç bəyanat layihəsi irəli sürsələr də İsrailin əsas müttəfiqi olan Birləşmiş Ştatları onu rədd edib.
Çinin BMT-dəki təmsilçisi Janq Jun ölkəsinin Fransanın atəşkəs çağırışını “dəstəklədiyini” deyib.
Mayın 18-də regionda raket zərbələrindən yenə ölənlər olub. Qəzzənin səhiyyə rəsmiləri İsrailin raket zərbələrində 63 uşaq olmaqla 217 fələstinlinin öldürüldüyünü, 1400-dən çox yaralının olduğunu deyirlər.
Buna da bax: İsraillə Həmasın döyüşləri səngimir
İsrail tərəfdə ölü sayı 12-yə çatıb. Həmasın atdığı raketlərdən zavodda işləyən iki tailandlı həlak olub.
Şərqi Yerusəlimdə günlərlə çəkən gərginlikdən sonra Həmas İsrailə raket atmağa, İsrail isə mayın 10-dan havadan zərbə kampaniyasına başlayıb.
İğtişaşlara Şərqi Yerusəlimdən bəzi fələstinlilərin evlərindən çıxarılması planları səbəb olub.