İsrail və Həməs atəşkəsə razılaşdılar

Qəzza zolağında

İsrail hökuməti və Qəzza zolağındakı iki Fələstin qruplaşması arasında 11 günlük döyüşlərə son qoyulması üçün atəşkəs razılaşması əldə edilib.

İsrail hökumətinin təhlükəsizlik şurası bildirib ki, qurum mayın 20-də “qarşılıqlı və qeyd-şərtsiz” olaraq Misir tərəfindən təklif olunmuş atəşkəsə yekdilliklə səs verib.

Lakin İsrail rəsmiləri bildirirlər ki, razılaşmanın icrası vaxtı hələ razılaşdırılmayıb.

Həməs və İslami Cihad qruplaşmaları atəşkəsə razılaşdıqlaırnı bəyanatla təsdiq ediblər.

Atəşkəs yerli vaxtla mayın 21-də gecə saat 2-də qüvvəyə minməlidir.

Diplomatik mənbələrin bildirdiyinə görə Misirin iki nümayəndə heyəti atəşkəs rejiminə nəzarət olunması üçün İsrailə və Fələstin ərazilərinə yollanacaq.

Bu razılaşmadan bir gün əvvəl ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu gərginliyi de-eskalasiya etməyə çağırmışdı.

Həmin gün Misir, Qatar və BMT vasitəçiliklərini təklif etmişdilər.

Buna da bax: Təhlükəsizlik Şurası bəyanatı razılaşdıra bilmədi

Həməs “Fələstin xalqının qalib gəldiyini” deyir

İki tərəf arasında döyüşlər işğal olunmuş Şərqi Yerusəlimdə İsrail və fələstinlilər arasında həftələrlə davam edən gərginliyin ardınca mayın 10-da başlanmışdı.

Həməs İsraildən əl-Əqsa məscidi rayonundan çəkilməyi tələb etdikdən sonra İsrail ərazisini raketlərdən atəşə tutmuşdu. İsrail buna hava zərbələri ilə cavab vermişdi.

Səhiyyə rəsmiləri döyüşlər nəticəsində Qəzzada çox sayda uşaq və qadın da daxil 232 nəfərin həlak olduğunu bildirirlər.

İsrail ərazisində 12 nəfərin həlak olduğu xəbər verilib.

Bu, Həməs və İsrail arasında son illərin ən şüddətli toqquşması idi.

Raket və artilleriya zərbələri İsrail-Livan sərhədinin yaxınlığına da endirilib və qarşıdurma Qərb sahilində zorakılıqlara yol açıb.

Həməs rəsmilərindən biri deyib ki, atəşkəs razılaşması “Fələttin xalqının qələbəsidir”.

İsrail tərəfi isə uğurlu hərbi əməliyyatlar apardığını bildirib.

İsrailin müdafiə naziri Benni Qantz Twitter-də yazıb ki, ərazidə yaranmış vəziyyət hərbi əməliyyatların davam etdirilib-etdiriməyəcəyini müəyyənləşdirəcək.