Xankəndində Rusiya Prezidenti Vladimir Putinin böyük portretinin altında “İlin adamı” sözləri yazılıb. “Foreign Policy” dərgisində Tom Maç Qarabağda yaşayanların Moskvaya himayədarları kimi baxdığını yazır. Rusiyanın getdikcə əraziyə nəzarəti daha çox ələ aldığını yazan jurnalist Kəlbəcər rayonundakı Dadivəng (Xudavəng) monastırında, Xankəndində gördüklərini nəql edir.
“Ötən ay dünyanın diqqəti Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasına yönəldi. Sonradan bunun yalan olduğu üzə çıxdı, amma həmin dönəmdə Rusiya yaxın ətrafında daha bir təlatümlü regionda – Dağlıq Qarabağda sakitcə möhkəmlənməkdə idi”, – məqalədə deyilir.
2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan Qarabağın bir hissəsini və ətraf rayonları Ermənistanın işğalından azad edə bildi. Ancaq nəticədə yeni təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirildi.
Buna da bax: İlham Əliyev: 'Biz qonşular kimi yanaşı yaşamalıyıq'
“Qara dəlik”
Müəllif müharibədən ən çox Rusiyanın qazandığını, Sovet İttifaqının çöküşündən sonra ilk dəfə olaraq Rusiya hərbçilərinin Qarabağa girdiyini və sonucda regionda siyasi məsələlərdə son söz sahibinə çevrildiyini yazır. Fevraldan Qarabağa rusiyalıları çıxmaqla əcnəbilərin girişi mümkünsüz olub. Rusiya hakimiyyəti xarici medianı və yardım təşkilatlarını regiona buraxmır. Ermənistanda çıxan “Aravot” qəzetində həmin qurumların siyahısı da dərc olunub.
Sərhədsiz Reportyorlar Təşkilatının Orta Asiya üzrə regional direktoru Jan Kavelyerin sözlərinə görə, bu məhdudiyyətlər Dağlıq Qarabağı xəbər və informasiyanın “qara dəliyi”nə çevirir. O, Rusiya sülhməramlılarını beynəlxalq medianın regiona girişini genişləndirməyə çağırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Müəllif Rusiyanın indiyədək Şərqi Avropa və Qafqazda nəzarətinə aldığı digər regionlara – Gürcüstanın Cənubi Osetiya və Abxaziya, Moldovanın Dnestraynı, Ukraynanın Donbass regionlarına toxunur. Amma bu regionların Dağlıq Qarabağdan fərqi var. Çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya hərbçilərinin girişinə icazə verib. Digər hallarda isə Rusiya yerli münaqişələrə müdaxilə edib.
Müəllif yazır ki, bir erməni rəsmi ona Rusiyanın müharibənin əvvəlində onları müdafiə etməməsindən gileylənib. Amma ermənilərin çoxu mühafizə üçün Rusiyaya üz tutmaqdan savayı seçim qalmadığını bilir.
Buna da bax: Qarabağ münaqişəsində təhlükəli mərhələ? – Qərb mediası
Vətəndaşlıq məsələsi
Yazıda Xankəndində həyatın bərpa olunduğu, küçələrin təmizləndiyi, müharibədə ziyan görmüş binaların təmir edildiyi bildirilir. “Həyat qayıdıb, Xankəndi amansız bombardmandan deyil, ağır tufandan çıxmış kimi görünür”, – müəllif yazır.
Məqalədə bölgədə qalan ermənilərin vətəndaşlıq böhranıyla üzləşdiyi qeyd olunur. “Bu mübahisəli məsələ anklav üzərində münaqişənin kökündə dayanır və həll olunmayanacan Dağlıq Qarabağ da Abxaziya, Cənubi Osetiya, Donbass və Dnestraynı kimi dondudurulmuş münaqişə zonası olaraq Moskvadan asılı qalacaq. Rusiya isə öz növbəsində bu münaqişələrin qeyri-müəyyən xarakterindən həddən artıq məmnundur: Dondurulmuş münaqişələr həmin ölkələrin NATO-ya qoşulmasını əngəlləyir, axı, alyansa qoşulmaq istəyənlərin ərazi mübahisəsi olmamalıdır”, – yazan müəllif Rusiya hərbçilərinin eyni zamanda regionda Türkiyənin nüfuzunun möhkəmlənməsini önlədiyini qeyd edir.
Son günlər isə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı mübahisə yaranıb. Ermənistan Azərbaycanı sərhədi pozmaqda, onun ərazisinə girməkdə ittiham edir. Azərbaycan isə hərbçilərinin mövqelərini tutduğunu, sərhədlərin müəyyənləşdirildiyini bildirir.