İtaliyanın şimalındakı Pyemont vilayətində dağ kanat xətti qırılıb. 14 nəfər həlak olub, bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Stresa kurort şəhərindən 1500 yüksəklikdə yerləşən Mottarone dağına çəkilmiş kanat yolundan mənzərəli göllər, Alp dağlarının ətəyi görünür.
İnfrastruktur Nazirliyi qəzanın kanat marşrutunun pik həddində baş verdiyini bildirir. Kabinədə 15 nəfər olub, zirvəyə çatmağa cəmi 100 metr qalıbmış.
Qəza qurbanları arasında xarici vətəndaşlar da var.
İsrailin Xarici İşlər Nazirliyi qəzada ölkə vətəndaşlarının həlak olduğunu açıqlayıb.
Kanat yolu koronavirus pandemiyası qadağalarından sonra təzəlikcə açılıbmış.
Hadisə yerində 13 nəfər ölüb. Vertolyotla xəstəxanaya çatdırılan iki uşaqdan biri orada dünyasını dəyişib. 5 yaşlı digər uşaq beyin travması alıb, qıçları sınıb.
İtaliya hökuməti qəzanın araşdırılması üzrə komissiya yaradıb.