Blinken Qəzzəyə beynəlxalq dəstəkdən danışıb

Entoni Blinken (sağda)

ABŞ-ın Dövlət katibi Entoni Blinken deyir ki, Qəzzəyə kömək üçün beynəlxalq dəstəyi təşviq edəcək.

Blinken mayın 25-də İsrailin Baş naziri Bencamin Netanyahu ilə görüşdən sonra jurnalistlərə deyib ki, Vaşinqton Qəzzədə “ağır humanitar vəziyyət”in həlli yönündə çalışacaq. Ancaq əmin edib ki, Həmas liderlərinin yenidənqurmaya yardımdan faydalanmaması təmin olunacaq.

“Tərəfdaşlarımızın hamısı ilə yaxından işləyəcəyik ki, Həmas yenidənqurmaya yardımdan faydalanmasın”, – Blinken vurğulayıb.

***

ABŞ-ın Dövlət katibi Entoni Blinken Təl Əvivə gedib. Bu səfər Qəzzədə İsraillə Fələstin silahlıları arasında 11 günlük qarşılıqlı hava hücumlarının atəşkəslə dayandırılmasından sonraya təsadüf edir.

Blinken deyib ki, səfərinin məqsədi İsrailin Həmas silahlıları ilə atəşkəsini “möhkəmləndirmək cəhdləri”ni dəstəkləməkdir. Onun İsrailin Baş naziri Bencamin Netanyahu ilə danışıqları gözlənir.

Blinken Rəmallahda Fələstin torpaqlarının lideri Mahmud Abbasla da danışıqlar aparacaq. Daha sonra dövlət katibinin Misir və İordaniyaya səfər edəcəyi gözlənir.

Mayın 27-dək regionda qalacaq Blinken Həmasla görüşməyəcək. Həmas Qərbdə terrorçu qrup hesab olunur.

İsrail hakimiyyəti artıq Qəzzəyə özəl sektor üçün nəzərdə tutulmuş yanacaq, dərman və ərzaq daşınmasına icazə verdiyini bildirib.

Mayın 10-dan başlanmış raket hücumlarında əsasən fələstinlilər olmaqla 250-dən çox insan öldürülüb. Bu sahil zonasında irimiqyaslı dağıntılar törədilib.

Blinken səfər zamanı Birləşmiş Ştatların “İsrailin təhlükəsizliyinə dəyişməz sədaqətini” bir daha vurğulayacaq. Bunu Prezident Co Bayden səfərdən öncə deyib.