Oqtay Gülalıyevin oğlu yol qəzasına düşüb

Oqtay Gülalıyev

DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) də baş verən hadisə ilə bağlı açıqlama yayıb.

"Turan" agentliyinin xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, hadisə mayın 25-də saat 18 radələrində qeydə alınıb.

Onun deməsinə görə, vətəndaş Təbriz Gülalıyev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi "Kia" markalı avtomobillə toqquşub: "Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırma aparılır. Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyətini orta-ağır olaraq qiymətləndirir".

+++

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb. O, avtomobilin sükanı arxasında olduğunu və qarşıdan gələn avtomobillə toqquşduğunu deyib:

"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq".

"Turan" Agentliyinin məlumatına görə, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb.

"Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır" - agentliyin xəbərində yazılıb.

Təbriz Gülalıyevin saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirildiyi bildirilir.

Amma, hələlik, Təbriz Gülalıyevin açıqlamasına qarşı tərəfin və Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi isə 2019-cu il oktyabrın 29-da Bakıda yolu keçərkən avtomobil vurmuşdu. O, hələ də koma vəziyyətindədir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü qəzanın ehtiyatsızlıqdan baş verdiyini deyib. O 2 il 3 ay müddətinə həbs və 3 il müddətinə sürücülük hüququndan məhrum edilib. Məhkəmənin qərarı ilə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi açıqlanıb.

Hüquq müdafiəçisinin yaxınları onun səhhəti ilə bağlı həkimləri də günahlandırırlar.Hərçənd, ölkənin səhiyyə qurumları bunu əsaslı saymırlar.