Mayın 26-da Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bu ölkədə səfərdə olan İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş olub.
Paşinyan İranla münasibətlərin və iki ölkənin qonşuluğunun strateji məna daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri uzun illər ərzində formalaşıb, özəlliklə Sünik vilayətində birgə proqramlara böyük maraq olub. “İranla iqtisadi əlaqələri dərinləşdirməkdən ötrü Mehridə azad iqtisadi zona yaratdıq”, – Paşinyan deyib.
Zərif isə ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda da Sünikdə aktivliyi saxlaya biləcəklər. “Mehridə azad iqtisadi zona, eləcə də İran-Naxçıvan-Ermənistan dəmiryolu hər iki ölkə üçün çox effektli ola bilər. Yaxşı razılaşma əldə olunub”, – o deyib.
Zərif mayın 25-də Azərbaycanda səfərdə olub.
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Hazırda Azərbaycanla Ermənistan arasında həm sərhədlərin demarkasiyası, həm də kommunikasiya xətlərinin qurulması üzrə danışıqların getdiyi bildirilir.