Bəşər Əsədin 95 faizlə prezident seçildiyi bildirilir

Bəşər Əsəd səs verir

Suriya diktatoru Bəşər Əsədin 95 faiz səslə dördüncü dəfə, yeddi il müddətinə prezident seçildiyi bildirilir. Nəticələr mayın 27-də açıqlanıb.

Bu, 10 ildir müharibə gedən ölkədə ikinci prezident seçkisidir. Müxalifət və qərb ölkələri nəticələri “saxta” adlandırıblar.

Seçkiyə iki az tanınan siyasətçi də qatılmışdı. Artıq 50 ildir Suriyanı Əsəd ailəsi idarə edir.

Hökumət 26 may seçkisi üçün ölkə ərazisində 12 mindən çox səsvermə məntəqəsinin quraşdırıldığını bildirir.

Ölkənin şimal-şərqi ABŞ-ın dəstəklədiyi kürd döyüşçüləri, şimal-qərbi İdlib vilayəti isə üsyançıların əlindədir. Bu ərazilərdə səsvermə keçirilməyib.

Xaricdə yaşayan suriyalılar səfirliklərdə səs veriblər, amma bundan ötrü ölkədən çıxış möhürü olan, etibarlı pasport təqdim ediblər. Bu tələb ölkədən qaçqın düşmüş milyonlarla suriyalının səsvermədən kənar qalması deməkdir.

Əsədə qarşı çıxan, Türkiyə və Almaniya daxil bəzi ölkələr səsverməyə şərait yaratmayıblar. Bu ölkələrdə böyük suriyalı qaçqın icmaları yaşayır.

Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb, Əsədə qarşı etirazlar ordu tərəfindən zorakılıqla yatırdılandan sonra silahlı qiyam başlanıb. Müharibədə yarım milyonadək insan ölüb, ölkə əhalisinin yarısı məcburi köçkünə çevrilib. Onların 5 milyonundan çoxu ölkə xaricində yaşayır.