Nazirlər telefonla danışıb

C.Bayramov və S.Lavrov

Noyabrın 2-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar: "Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər".

3+3 formatında Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə, İran və Gürcüstan arasında əməkdaşlıqdan bəhs edilir.

Buna da bax: ABŞ və Ermənistan Qarabağı müzakirə ediblər

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il yanvarın 11-də də Moskvada tərəflər ikinci üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.