«Məmurlar korrupsiya ilə mübarizənin önündə getməlidirlər»

Ali təhsil müəssisələrində korrupsiyaya həsr olunmuş beynəlxalq konfrans, Bakı, 29 noyabr 2006

«Cəmiyyətin bütün təbəqələrində korrupsiyaya qarşı mübarizə aparmadan təkcə təhsil sistemində korrupsiyaya qarşı mübarizə aparmaq heç bir effekt verməyəcək». Bunu Bakıda Azərbaycanın Ali təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə üsullarına həsr olunmuş beynəlxalq konfransda Azərbaycanın Təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrində korrupsiyanın olması həm müəllimlərin aldığı maaşın azlığı, həm də ali təhsil müəssisəsinə rəhbərlik edənlərin necə işləməsindən asılıdır. Orta məktəblərdəki vəziyyətə də toxunan cənab Mərdanov burdakı problemlərin az olmadığını bildirib. Onun sözlərinə görə, ən ciddi problem yerli təhsili idarəetmə orqanlarının rayon icra hakimiyyətlərindən asılılığı ilə bağlıdır. Misir Mərdanovun sözlərinə görə, nazirlik Bakıdakı rayonlarda bu məsələ ilə bağlı müəyyən işlər görmək istəyərkən yerli icra hakimiyyəti orqanlarının çox ciddi müqavimətilə üzləşirlər.


ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersin sözlərinə görə, demokratik ölkələr korrupsiyaya qarşı mübarizənin önündə gedirlər və o cümlədən Azərbaycanda da məmurlar bu mübarizənin önündə getməlidirlər. Bu mübarizə bir şərt kimi hər gün həyata keçirilməlidir. Xanım Dersi hesab edir ki, hansısa məmur hər hansı formada rüşvət alarkən xalqının nüfuzunu, qürurunu və gələcəyini öz şəxsi mənafeyinə qurban vermiş olur.


Noyabrın 30-da davam etdirilən tədbirdə isə təhsil sisteminin monitorinqi, tələbə qəbulunda korrupsiyaya qarşı mübarizə məsələləri ətrafında müzakirələr aparılıb. Beynəlxalq ekspertlər ali məktəblərdə semestr imtahanları zamanı «qaynar xətt»in daimi fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.


ATƏT-in Bakı ofisinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Amerika Hüquqşünaslar Assosasiyasının maliyyə dəstəyilə keçirilən tədbiri Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə Fondu keçirir.