Serbiyanın əhalisi əsasən müsəlmanlardan ibarət olan hissəsində bir mədəniyyət mərkəzinin direktoru Srebrenitsa haqda filmin bütün Serbiyada göstərilməsini tələb edib. Dünyada maraqla qarşılanan və mükafatlara layiq görülən "Quo Vadis, Aida?" filmi 1995-ci ildə bosniyalı serb qüvvələrinin Srebrenitsada 8 min müsəlmanı qırğına məruz qoyması haqdadır.
"Reuters" xəbər verir ki, dekabrın sonlarında Serbiyanın Novi Pazar şəhərində nümayiş etdirilən bu filmi iki seans zamanı mindən çox tamaşaçı izləyib. Bu, filmin Serbiyanın hər hansı yerində ilk nümayişi idi. "Quo Vadis, Aida?" 2021-ci il Avropa Kino Mükafatları müsabiqəsində "Ən yaxşı film" adına layiq görülüb.
Biletləri saat yarıma satılan film
"Biletlər saat yarımın içində satılıb qurtardı. Biz filmin bütün Serbiyada göstərilməsi üçün müraciət edirik. Onun yalnız Novi Pazarda göstərilməsinin qətiyyən heç bir mənası yoxdur", – filmin nümayiş olunduğu mədəniyyət mərkəzinin direktoru Hüseyn Memiç deyib.
Yasmila Jbaniçin bu filmi Bosniya daxilindəki Serb Muxtar Respublikasında da ictimai nümayiş olunmayıb. Yeri gəlmişkən, Bosniyada Srebrenitsa qırğınının genosid olduğunu danmağın cinayət sayılması haqqında qanun qəbul edilib. Ancaq serb muxtariyyəti bu qanuna qarşı çıxmaqla ölkədə qarışıqlığa səbəb olub.
Buna da bax: Əri itkin düşmüş kosovolu qadının hekayəsiÖvladlarını qorumaq istəyən ana haqqında film
Jbaniç Serbiyanın başqa yerlərində və Bosniya Serb Respublikasında bir çox kinoteatr və distribütorların bu filmi nümayiş etdirmək istədiyini, lakin qarşılıqlı ittiham və qisasçılıqdan çəkindiklərini deyir.
"Mənim məqsədim heç vaxt bölücülük olmayıb. Mənim məqsədim həqiqəti demək və Srebrenitsa haqqında bilməyən və hətta Srebrenitsanı danan insanların oturub bu filmə [sadəcə] iki övladını qorumaq istəyən ana haqda film kimi baxmasıdır. Çünki baş verənlər budur", – o deyib.
Serbiyanın dövlət televiziyası RTS əvvəllər həmişə mükafatlara layiq görülən filmləri göstərib. Ancaq "Quo Vadis, Aida?" filminin göstərilməsi haqda müraciətlərdən sonra proqramları ilə bağlı qərarları media təzyiqi altında verməyəcəyini bildirib.
Buna da bax: 'Quo Vadis, Aida?'Filmdə Ratko Mladiçin rolunu canlandıran Boris İsakoviç filmin bədii yaradıcılıq deyil, siyasi prizmadan görüldüyünə təəssüf etdiyini deyib.
"Aydındır ki, bu filmin nümayişi ilə senzuraya məruz qoyulub. Ancaq bu, kinonun gücü haqda çox şey deyir: bu onu göstərir ki, kino hekayələrin nəql edilməsi üçün güclü bir silahdır", – İsakoviç deyib.
Soyqırımı olduğunu danırlar
Srebrenitsa soyqırımı şəhər BMT sülhməramlılarının nəzarəti altında olduğu zaman baş verib və tarixə BMT-nin sülhyaratma əməliyyatlarının ən böyük uğursuzluqlarından biri kimi düşüb. Hadisə baş verən vaxt o zaman gənc tələbə olan Jbaniç ABŞ-ın Vermont ştatında bir teatrda praktika keçirmiş.
Hadisələrin üstündən 26 il keçmiş bir çox serb millətçiləri hələ də bu hadisələrin soyqırımı olduğunu danırlar. Minədək insanın cəsədi hələ də ailələri tərəfindən axtarılır.
Müharibə illərində Sarayevoda Kino Məktəbində tələbə olan və o dövrü yaxşı xatırlayan Yasmila Jbaniç "Quo Vadis, Aida?" filmini dünyanın diqqətini Srebrenitsa hadisələrinə cəlb etmək üçün çəkib. Ancaq nəticələr onun gözləntilərini aşıb. Film Britaniyanın ən böyük kino mükafatı olan BAFTA, Venesiya və "Oskar" mükafatlarına namizəd göstərilib (qalib gəlməsə də), düz üç böyük nominasiyada Avropa Kino Mükafatlarına layiq görülüb, Rotterdam və Höteborq kinofestivallarının mükafatlarını qazanıb.