Avropalı siyasətçilər həqiqəti gizlətməkdə günahlandırılır

MKİ-nin təyyarələri terrorda şübhəliləri daşıyarkən Avropada dayanacaqlar ediblər

«Rendition flights» ifadəsi yenidən qalmaqala səbəb olub. Bu dəfə təkcə Amerika rəsmiləri yox, Avropa Birliyinin rəsmiləri də tənqid hədəfindədir. Ötürmə uçuşları mənasına gələn bu ifadəni ABŞ rəsmiləri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir proqramı adlandırırlar və qanuna zidd bir şey görmədiklərini deyirlər. Amma, bir il əvvəl həmin uçuşları aşkarlayan insan haqları təşkilatları ifadənin açmasının çox geniş olduğunu bildirirlər: terrorda şübhəliləri gizlin həbs eləmək, onları Avropa ölkələrinə gətirib gizli həbs yerlərində sorğuya çəkmək və ola da bilsin işgəncələr vermək.

Avropa Parlamentində italiyalı deputat Klaudio Favanın başçılıq elədiyi komissiyanın gəldiyi nəticələr bir ildir gedən qalmaqalı yenidən canlandırdı.


Komissiya araşdırmalardan sonra bu fikrə gəlib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təyyarə reysləri haqqında Avropa hökumətlərinin də xəbəri olub, buna yardım da ediblər və üstəlik rəsmilər ifadələrində həqiqəti gizlədiblər.


Cənab Fava Avropa Parlamentindəki çıxışında Avropa Birliyinin 12 üzvünün, o cümlədən Britaniya, Danimarka, Almaniya, İtaliya, İspaniyanın, həmçinin üzv olmayan Rumıniya, Bosniya, Makedoniya və Türkiyənin MKİ-nin bu əməliyyatlarında əməkdaşlıq etdiyini deyib.


Ötən il «Washington Post» qəzeti və «Human Rights Watch» təşkilatı MKİ-nin nişansız təyyarələrinin Avropa ölkələri boyu uçuşlar etdiyini aşkarlayandan sonra Avropa Şurası da araşdırma aparmış və deyilənlərin bir hissəsini təsdiqləmişdi. Aşkarlanan mənzərə bu idi ki, MKİ-nin təyyarələri terrorda şübhəliləri daşıyarkən Avropa ölkələrinin hava limanlarında dayanacaqlar ediblər. Bundan başqa bəzi Şərqi Avropa ölkələrinin həmin şübhəlilərin saxlanması haqda iddialara tam aydınlıq gətirmədiyi tənqid olunurdu.



Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstandan gələn təyyarəsi 2004-cü ilin dekabrında Buxarestdə yerə enərkən qəzaya düşür. Heç kəs yaralanmasa da sərnişinlərdən 7-si də yoxa çıxır və onların kimliyi bilinmir
MKİ-nin təyyarələrini qəbul edən hava limanları arasında Azərbaycan və Türkiyənin də olduğu göstərilirdi. Hər iki ölkənin rəsmiləri daşınan yük və ya sərnişinlərlə maraqlanmadıqlarını bildirdilər.

Avropa Şurasının hazırladığı məruzədən fərqli olaraq Avropa Parlamentinin komissiyasının noyabrın 29-da açıqladığı rəyində Avropa Birliyinin yüksək rütbəli rəsmilərinin gizlin həbslərdən xəbərləri olduğu və bu barədə komissiyaya düzgün məlumat verilmədiyi deyilir. Bu açıqlamalar gizli həbsxanaların olmasına təəccübləndiyini deyən avropalı rəsmilərin səmimiliyinə şübhə yaradıb. Uçuşların sayının çoxluğu da bu şübhələri möhkəmlədə bilər. Nə cür olub ki, 1245 belə uçuş rəsmilərin gözündən qaçıb.


Deputat Favanın Avropa Parlamentində dediyinə görə, amerikalı konqresmenlər avropalı həmkarlarına vaxtaşırı bu barədə məlumatlar veriblər: «Hökumətlərin bu işdə aktiv və ya passiv iştiraklarını anlamağımıza gətirən qənaət budur ki, Avropa hökumətləri hər şeydən əvvəl bilirdilər ki, qanunsuz ötürmələr icazəli və mütəşəkkil sistem idi. ABŞ hökuməti bu sistemi terrorla müharibə strategiyasının vacib elementinə çevirmişdi, bu, işin ikinci dərəcəli tərəfi yox, özülü idi».


Fava misal çəkir ki, ABŞ dövlət katibi Kondoliza Rayz 2005-ci ildə ABŞ Avropa sammitində və Brüsseldəki yüksək səviyyəli görüşlərdə bu əməliyyatlar haqda məlumatlar verib.


Sentyabrda ABŞ prezidenti Corc Buş terrorda şübhəlilərin xaricdəki həbsxanalarda saxlandığını etiraf etmişdi. Amma, Avropa Birliyi ölkələrində onların olması hələ təsdiqlənməmişdi.


Yeni məruzədə Birlik ölkələrində belə gizli həbsxanaların olaması haqda tutarlı dəlil olmadığı deyilsə də, burdakı Amerika bazalarında şübhəlilərin saxlanması mümkün sayılır. Polşa hökuməti istintaqla əməkdaşlıq etməməkdə günahlandırılır. Komissiyanın hesabatına görə, Polşadakı Stare Keykutı hərbi təlim düşərgəsində məxfi həbs yeri ola bilərdi. Və tutulanlar «Szmany» hava limanı ilə daşınıblar. «Washington Post» qəzeti həmin hava limanının keçmiş direktoru Mariola Przevlotskadan sitat gətirərək rəsmilərin o cür təyyarələrə yaxın buraxılmadığını yazır.


Komissiya terrorda şübhəlilərdən birinin-misirli Əbu Ömərin 2003-cü ildə Milanda oğurlanmasında İtaliyanın «Sismi» adlı Kəşfiyyat İdarəsinin MKİ-nə yardım etdiyini deyir.


Komissiya bir maraqlı faktı da aşkarladığını bildirir. MKİ-nin Əfqanıstandan gələn təyyarəsi 2004-cü ilin dekabrında Buxarestdə yerə enərkən qəzaya düşür. Heç kəs yaralanmasa da sərnişinlərdən 7-si də yoxa çıxır və onların kimliyi bilinmir.