Qışa hazırlıqla bağlı müşavirə keçirilib

Dekabrın 1-də prezident İlham Əliyevin sədrliyi ilə qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. «AzərTAc» Dövlət Teleqraf Agentliyinin verdiyi məlumata görə, cənab Əliyev qışa hazırlıqla bağlı bir müddət bundan əvvəl də müşavirə keçirdiyini xatırladıb və deyib ki, ölkənin potensial imkanları çoxalsa da, enerjiyə tələbat da artmaqdadır. Prezident bildirib ki, Azərbaycan hər il Rusiyadan 4,5 milyard kubmetr qaz alır və bunun ölkənin enerji balansında önəmli yeri var. Gələn ildən isə Rusiya Azərbaycana verilən qazın miqdarını üç dəfə azaltmaq, qiymətini isə iki dəfədən çox artırmaq istəyir. Ona görə də əlavə resurslar axtarmaq zərurəti meydana çıxır.
Yarana biləcək belə bir vəziyyətdən çıxmaq üçün qabaqlayıcı tədbirlər görmək məqsədi ilə hələ 6 ay bundan əvvəl Dövlət Neft Şirkətinə tapşırıqlar verdiyini deyən cənab Əliyev, qaz hasilatını və qazma işlərini sürətləndirmək üçün ciddi işlər görüldüyünü, bunun gələn ildən Azərbaycanın enerji balansını xeyli artıracağını bildirib.
Müşavirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın qışa hazırlıq vəziyyəti ilə bağlı ümumi məlumat verib. Sonra bir sıra digər müvafiq qurum rəhbərləri də çıxış ediblər.