ATƏT prezidentləri səylərini ikiqat artırmağa çağırır

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası, Brüssel, 4 noyabr 2006

Dekabrın 5-də Brüsseldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 14-cü iclasında Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib. Bəyanatda 2006-cı ildə münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda tərəflərin əsas həll prinsipləri üzrə razılaşmaya yaxınlaşması təqdir olunur: «Biz Böyük Səkkizlik liderlərinin Sankt-Peterburq sammitində münaqişənin sülh yolu ilə həllinə verdikləri dəstəyi alqışlayırıq. Biz Ermənistan və Azərbaycan prezidentlərini razılaşdırılmış əsas prinsipləri mümkün qədər tez yekunlaşdırmaq üçün növbəti ildə səylərini ikiqat artırmağa çağırırıq».


Xarici İşlər nazirlərinin bəyanatında bu ilin yayında Azərbaycanın işğal altında olan ərazilərində baş verən yanğınlara da münasibət bildirilir: «Biz tərəfləri yanmış ərazilərdə fəlakətli nəticələri aradan qaldırmaq üçün əməkdaşlığı genişləndirməyə, təbiətin qorunması istiqamətində birgə fəaliyyət göstərməyə çağırırıq. Bu cür tədbirlər tərəflər arasında etimadın bərpasında mühüm addım ola bilər və ATƏT bu işdə kömək etməyə hazırdır».


ATƏT sədrinin xüsusi nümayəndəsinin atəşkəsin davamlılığı üçün həyata keçirdiyi monitorinqlər bəyanatda dəstəklənir, həmçinin onun Ətraf Mühiti Dəyərləndirmə Missiyasına göstərdiyi yardım təqdir olunur. Bəyanatda təəssüflə bildirilir ki, «cəbhə xətti boyu baş verən insidentlər bəzən hər iki tərəfdən itkilərə səbəb olmaqda davam edir».


Brüsseldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 14-cü iclasın çərçivəsində Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun ermənistanlı həmkarı ilə görüşü baş tutmayıb.